2026-cı il sülh üçün dönüş nöqtəsidir - TƏHLİL

Ankara İrəvana, Qərbə və Rusiyaya açıq mesaj verir

Türkiyənin Ermənistan münasibətləri Azərbaycanın maraqlarından kənarda baş tutmayacaq 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa heç olmadıqları qədər yaxındırlar. Ərdoğan Azərbaycanla koordinasiyalı şəkildə Türkiyənin də Ermənistanla normallaşma prosesini davam etdirdiyini bildirib: "Növbəti ilin əvvəlindən etibarən bu istiqamətdə bəzi simvolik addımlar atacağıq". Erməni politoloq Suren Surenyants deyib ki, Türkiyə prezidentinin Ermənistanla bağlı son mesajları bir neçə istiqamətdə dəyərləndirilə bilər. O, Türkiyə liderinin Ermənistanla əlaqələr məsələsində Azərbaycanın adını vurğulamasının təsadüf olmadığını söyləyib: "Ərdoğan yenə Ankara ilə münasibətlərimizin normallaşdırılmasını Bakı və İrəvan arasında sülh prosesinə bağlı olduğunu vurğulayıb. Türkiyə lideri Ermənistanla əlaqələrə fərqi yanaşmır, sadəcə, Azərbaycan üzərindən mövqe sərgiləyir. O, yeni ildə İrəvanla münasibətlərdə simvolik addımların atılacağını söyləyib. Burada əsas məqsəd əlaqələrin qurulması deyil, məhz 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərində Baş nazir Nikol Paşinyana bir növ dəstək məqsədi daşıyır. Ankara Paşinyanın seçkiqabağı mövqeyini gücləndirməyə çalışır, sülh mesajlarını da buna görə verir. Türkiyənin simvolik jestləri, məsələn, üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması, birbaşa uçuşlar, dəmir yolunun bərpası və ya digər kiçik addımlar da baş nazirin erməni xalqına xarici siyasətdəki uğuru kimi təqdim olunur. Məqsəd də budur". 

Politoloq Turan Rzayev Sherg.az-a açıqlamasında bildirib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan-Ermənistan sülh sazişi ilə paralel və bir qədər də ondan asılı şəkildə irəliləyir. Ekspertə görə, bunun 2026-cı ildə də belə olacağı istisna deyil: "Ərdoğanın "simvolik addımlar" ifadəsi diplomatik münasibətlərin dərhal və tam bərpası deyil, uzun illər bağlı qalan kanalların mərhələli şəkildə açılması mənasına gəlir. Məsələn, yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, xüsusi nümayəndələr formatının genişləndirilməsi, humanitar və mədəni təmasların artırılması, eləcə də sərhədlə bağlı texniki müzakirələrin intensivləşməsi bu “simvolik addımlar”ın tərkib hissəsi ola bilər. 2026-cı ildə isə prosesin praktiki mərhələyə keçməsi ehtimalı daha yüksək görünür. Əgər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansa və əsas prinsipial məsələlər, regional kommunikasiyaların açılması hüquqi çərçivəyə salınsa, Türkiyə-Ermənistan xəttində də real dəyişikliklər baş verə bilər. Bu, quru sərhədinin müəyyən formatda açılması, ticarət və nəqliyyat əlaqələrinin mərhələli şəkildə bərpası, regional layihələrdə Ermənistanın iştirak imkanlarının yaranması ilə müşayiət olunar". 

Analitik əlavə edib ki, Ərdoğan burada bir məqamı da açıq şəkildə diqqətə çatdırır: "Ankara prosesi təkbaşına deyil, Bakı ilə tam koordinasiya şəraitində aparacaq. Yəni Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması Azərbaycanın maraqlarından kənar və ya onlara zidd formada baş tutmayacaq. Bu, həm İrəvana, həm də prosesi izləyən Qərb və Rusiya kimi aktorlara ünvanlanan strateji siqnaldır".