Ağdamın “Qarabağ” futbol klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqibləri bəlli olub. Azərbaycan təmsilçisi qrup mərhələsində Yunanıstan, Almaniya və Fransa klubları ilə üz-üzə gələcək. G qrupunda mübarizə aparacaq komandamız “Olimpiakos”, “Frayburq” və “Nant”la eyni qrupda yer alıb. Bəs, "Köhlən atlar"ın Avroliqadakı çıxışından nə gözlənilir? Komandamız qrup mərhələsini adlaya biləcəkmi?
"Sherg.az" idman ictimaiyyəti arasında qısa sorğu keçirib.
İdman şərhçisi Pərviz Musayev bildirib ki, "Qarabağ"ın Avropa liqasında qrupdan çıxmaq şansı Çempionlar liqasından daha çoxdur:
"Bəlkə də Çempionlar liqasının qrup mərhələsinə çıxmaması "Qarabağ"ın xeyrinə bir amil olub. İndi isə Avroliqanın qrupundan çıxacağımıza inanıram".
"Qarabağ"ın Çempionlar liqasının təsnifat mərhələsinin ən yaxşı komandası olduğunu deyən "Qol.az" saytının baş redaktoru Aydın Bağırov isə bildirib ki, Ağdam təmsilçisi "Victoria"dan güclüdür və Çempionlar liqasının qrupunda oynamağa layiq idi:
"Avropa liqası da sanballı yarışdı. "Köhlən atlar"ın özünü göstərməsi üçün yaxşı fürsət yaranıb. Avroliqada "Mançester Yunayted", "Arsenal", "Lazio" kimi böyük komandalar yarışır. "Qarabağ"ın potensialı bu liqada ən azı ikinci yeri tutaraq qrupdan çıxmasına imkan yaradır.
"Qarabağ"ın oyunundan çox razı olduğunu deyən "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid qeyd edib ki, hələ o vaxtı "Qarabağ" Londonun, Madridin, Romanın böyük klubları ilə oynamışdı:
"Biz Ağdam təmsilçisinin Çempionlar liqası uğuruna şahid olmuşuq. Bu uğurun yenə də təkrarlanmasını istəyərdim. Lakin Avropa liqası da aşağı səviyyə deyil. Orda da köklü klublar var. Hesab edirəm ki, hər şey davam edir və "Qarabağ" qrupdan çıxaraq üzümüzü ağ edəcək".
Avropa Liqasının əzəmətinin daha yüksək olduğunu deyən idman jurnalisti Ağa Dadaşzadə qeyd edib ki, rəqiblərimiz çox güclü olacaq:
"Victoria"ya məğlub olduq. Bəlkə də bunun özü də bir qismətdir. "Qarabağ"a uğurlar arzulayıram. Ümid edirəm ki, futbolçularımız səhvlərinin əvəzini çıxıb, bizə Avrokuboklarda həyəcan yaşadacaq".