Senytabrın 12-dən 13-nə keçən gecə düşmənin törətdiyi genişmiqyaslı təxribata müzəffər Azərbaycan ordusu adekvat cavab verib. Ermənistanın Azərbaycanla sərhəddə - Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlər darmadağın edilib. Çünki onlar Azərbaycanın təhlükəsizliyinə təhdid yaradırdı. Bu obyektləri bərpa etmək üçün Ermənistana ən azı 4-5 il vaxt lazımdır. Həmin bölgədəki bütün nəqliyyat-kommunikasiya sistemi və mühüm yüksəkliklər ordumuz tərəfindən nəzarətə götürülüb.
Bundan sonra Ermənistan nə indi, nə də gələcəkdə Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək. Eyni zamanda düşmənin xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki “S-300” raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edilib. Ermənistanda yüzlərlə yaralı var. Rəsmi İrəvanın bütün parametrlərə görə itkiləri Azərbaycandan qat-qat çoxdur. Silahlı qüvvələrimiz Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha göstərdi. Son zamanlar Ermənistan ciddi cəhdlə revanşa, yeni hərbi əməliyyatlara, hücuma hazırlaşırdı.
Həm Qarabağda, həm də sərhəddə təxribatların sayı artmışdı. Azərbaycan Ordusu məhz onların ərazisində cəmi 7 saat davam edən unikal əməliyyat gerçəkləşdirməklə, bütün bu planları alt-üst etdi. Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz. Bunlara baxmayaraq Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub. Müdafiə Nazirliyinin məlumatına əsasən hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.
Ermənilərin 40 -a yaxın mövqeyini və 8 yüksəkliyi aldığımızı deyən tanınmış hərbi jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu “Sherg.az”a bildirib ki, bütün bu hadisələr onlara dərs olmalıdır:
“Ermənistan həmişə regiona təsiri olan qüvvələrin əlində alət olub. Rəsmi İrəvan hazırda çaş-baş vəziyyətdədir. Bilmir Rusiyanın ayağından öpsün, yoxsa Avropanın. Ona görə də mürəkkəb vəziyyətdə qalıb.
Digər tərəfdən isə ortalıqda İran faktoru var. Ermənistan ordusunun sərhəddimizdəki təxribatlarının arxasında xarici qüvvələrin “əli” var. Onlar erməniləri qızışdıraraq silah verirlər. Bu oyunlara gələn Ermənistan isə dövlətini uçuruma aparır.
Bizim amalımız öz sərhədlərimizi qorumaq və Ermənistan-Rusiya-Azəbaycan arasındakı üçtərəfli sülh müqaviləsinin müddəalarının yerinə yetirilməsidir. Güman edirəm ki, ordumuz əldə etdiyi mövqelərdə möhkələnəcək və “10 Noyabr” sazişinin vədlərinə əməl olunmasına nail olacaq.
Paşinyan bunun nə qədər tez etsə, onun üçün o qədər yaxşı olacaq. Əgər onlar təxribatlarını dayandırmasalar, Azərbaycan ordusunun “Dəmir yumruğ”u onların başına enməyə davam edəcək”.