“Nə KTMT, nə də Rusiya Azərbaycana müdaxilə edəcək gücdə deyil”


“Rusiya nümayəndisinin səfəri ilə ciddi dəyişikliyin baş verəcəyinə inanmıram. Çünki Azərbaycan və Ermənistan artıq məsələni müxtəlif yerlərdə müzakirə ediblər”.
Bunu “Sherg.az”a açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfiqarov  Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin Bakı və İrəvan səfərinə münasibət bildirərkən deyib.
Eks-nazir bildirib ki, Ermənistan Azərbaycana qarşı olan yalançı ərazi iddiaları siyasətini davam etdirir:
   “Rəsmi İrəvanın məkrli siyasətindən irəli gələn bir vəziyyət yaranıb. Rusiya nümayəndəsinin səfəri bu situasiyanı dəyişməyəcək. Sadəcə olaraq rəsmi Moskva durumun içərisində olduğunu göstərmək istəyir. Hadisələrin Brüssel görüşü ilə əlaqəli olduğunu düşünmürəm. Bu erməni klanının çirkin planıdır. Onlar Rusiyanın bölgədə nüfuzunun zəyiflədiyini görüb onu əvəzləmək istəyirlər. Rəsmi İrəvan Kremlin əvəzinə hansısa beynəlxalq qurumları regiona cəlb etmək istəyir. Baş verən təxribatların əsas məqsədi budur. Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etsə də, onların bura gəlməsi mümkün deyil. Çünki KTMT ölü təşkilatdır və Rusiya Azərbaycana müdaxilə edəcək gücdə deyil. Paşinyan hakimiyyətinin son ümidi Fransanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) təşəbbüsünə qalır. Onlar da təxribat törədərək beynəlxalq təşkilatların diqqətini cəlb etmmək və özlərinə sərf edən vəziyyət yaratmaq istəyirlər”.