Haqq davamızla bağlı suallara ən dolğun cavabı Prezident verdi

“Bununla da ölkə rəhbəri Azərbaycan həqiqətlərini dünyaya bir daha göstərmiş oldu”
  
  Bu günlər bütün ölkə boyu Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla yad edilir, şücaətli ordumuzun qəhrəman əsgər və zabitləri hörmətlə anılır. Hər keçən gün bizi 8 noyabr – Zəfər Gününün növbəti ildönümünə yaxınlaşdırır. 2020-ci ilin sentyabrı isə fərqli idi. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başlamışdı. Həmin günlərdə kiminsə gecələr gözünə yuxu getdiyini təsəvvür etmək belə çətindir. Hər bir azərbaycanlı qələbə müjdəli xəbərlərə təşnə idi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin efir vasitəsilə xalqa hansı müjdəni verəcəyini gözləyirdi. Biz Prezidentimizə inanırdıq, ordumuza inanırdıq. Və əmin olduq ki, inamımız heç vaxt sarsılmayacaq. Çünki dövlətimizin cənab Prezident kimi qətiyyətli rəhbəri, ordumuzda isə canını gözünü qırpmadan Vətənə fəda edəcək qəhrəman oğullarımız var. Xalqın gözləntiləri özünü doğrultdu. Azərbaycan Ordusu 44 gün ərzində bir gün də dayanmadan irəlilədi və 30 il müddətində erməni vandallarının əsarətində qalmış torpaqlarımızı azad etdi. Qələbə xəbərləri ard-arda gəlməyə başladı. Azad edilən kəndlər, şəhərlər, məhv edilən düşmən qüvvələri... 44 gün davam edən Vətən müharibəsi təxminən otuz illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Lakin əlbəttə, bu, asan qələbə deyildi. Azərbaycan 3 minə yaxın şəhid verdi. Hərbçilərlə yanaşı, Ermənistanın insanlıq əleyhinə cinayətləri – dinc əhalini, döyüş bölgələrindən kilometrlərlə aralı məsafədə yerləşən yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində mülki əhali, o cümlədən körpələr həlak oldu. Ermənistan isə insanlıq əleyhinə cinayətlərini, tarixən olduğu kimi yenə də ört-basdır etməyə, işğalçı olduğu halda “suçu” Azərbaycanın üzərinə atmağa çalışırdı. Lakin dövlətimizin başçısının qətiyyəti, siyasi iradəsi və hadisələrə çevik reaksiyası düşmənin ümidlərini puç etdi. Çünki Azərbaycan haqq davası aparırdı. Haqlı tərəf Azərbaycan idi. Amma xalqımız onsuz da bilir ki, haqlı olduğumuz halda dünyanın bəzi dövlətləri bizi haqsız kimi göstərməyə çalışıb. Onlara ən dolğun, sərt cavabı isə cənab Prezident verdi. Bununla da Azərbaycan həqiqətlərini dünyaya bir daha göstərmiş oldu. Vətən müharibəsinin 3-cü günündə Rusiyanın "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə getdi. Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırdılar. Verilişin aparıcıları birinci olaraq sualları Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlamışdılar. Cənab Prezidentin dəqiq və həqiqətə əsaslanan cavabları Ermənistan baş nazirini hər dəfə fakt qarşısında aciz qoyurdu. Aparıcının “Cənab Prezident, sağ olun ki, bu müsahibəni verməyə razılaşmısınız. İndi birbaşa cəbhədə nələr baş verir, artıq aviasiyadan istifadə edilməsi barədə məlumat alınır” sualı qarşısında Prezident İlham Əliyev: “Cəbhədə vəziyyət gərgindir. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Beləliklə, artıq üçüncü sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Bu gün vəziyyət elədir ki, fəal döyüş əməliyyatları aparılır”. Prezident İlham Əliyev həmçinin qeyd etmişdi ki, Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Vasitəçilik missiyası üçün cavabdeh olan Minsk qrupunun həmsədrləri də bunu təsdiq edə bilər. O cümlədən son iki ildə Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, biz illər boyu işlənib hazırlanmış Minsk qrupunun və onun həmsədrlərinin danışıqlar prosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə və danışıqların formatına da sadiqdir. Danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Danışıqlar prosesində yalnız iki tərəf var - Ermənistan və Azərbaycan. Lakin Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, "Qarabağ Ermənistandır və nöqtə". Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər? Cənab Prezident dəfələrlə Ermənistanın təxribat qruplarının cəbhə xəttində vəziyyəti gərginləşdirməyə çalışdığını, Azərbaycanın sərhəd məntəqələrinə hücumlar təşkil edildiyini də bildirmişdi. Və qeyd etmişdi ki, Azərbaycan ərazi bütövlüyünü və eyni zamanda əhalisinin təhlükəsizliyini təmin etməyə məcburdur. Cənab Prezidentin cavabları əslində, dünya dövlətlərinin, dünya ictimaiyyətinin bildiyi həqiqətlərdir. Lakin 30 il müddətində “demokratik” dünyanın Azərbaycan torpaqlarının işğalına susqun qalması, beynəlxalq prinsipləri heçə sayaraq işğalçı, təcavüzkar, dağıdıcı ölkəni müdafiə etmələri onlara layiqli cavabın verilməsi zərurətini yaradırdı. Nəhayət onlar bu cavabı aldılar.
  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bu fikirdədir ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 27 Sentyabr – Anım Günündə işğaldan azad olunmuş ərazilərə səfəri dünyaya növbəti mesajdır:
- Cənab Prezidentin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyması torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə böyük ehtiramın nümunəsidir. Qaraxanbəyli kəndi Vətən müharibəsinin ilk günündə işğaldan azad olunub və biz ilk şəhidlərimizi bu ərazidə vermişik. Dövlətimizin başçısı xatirə lövhəsinin qarşısında çıxışı zamanı qeyd etdi ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı sarsılmaz birlik və həmrəylik nümayiş etdirdi. Qəhrəman döyüşçülərimizin rəşadəti sayəsində işğaldan azad edilmiş ərazilərdə bu gün quruculuq işləri həyata keçirilir. Dövlətimizin başçısı öz çıxışında hərbçilərin qəhrəmanlığını xüsusi vurğuladı, qeyd etdi ki, 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edildi. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur oldu.
  S.Fətəliyeva bildirdi ki, Azərbaycan Prezidenti çıxışında bir daha qarşı tərəfə mesaj verdi. Bu da ondan ibarətdir ki, bir daha düşmənin baş qaldırmasına, bizim üçün təhdid yaratmasına imkan verilməyəcək. Əgər belə hal yaranarsa, Azərbaycan lazımi cavab verəcək. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın qarantıdır. Sentyabrın 12-13-də Ermənistan tərəfindən törədilən hərbi təxribatın qarşısının layiqincə alınması buna sübutdur.