“Yaxın zamanda isə prezident və baş nazir səviyyəsində təsdiqini tapacaq”
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxış edib.
O bildirib: “Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbmı? Bəli, tanıyıb. Bunun müəllifləri Vardan Oskanyan və Robert Koçaryandır. Serj Sarqsyan və Edvard Nalbandyan isə bu irsi hakimiyyətə gəlmək şərti kimi qəbul etdilər. Həmçinin Robert Koçaryan 1998-ci ildə hakimiyyətə gəlməyin ilkin şərti kimi Qarabağı danışıqlar prosesindən kənarlaşdırdı”.
Biz Paşinyandan belə çıxışları tez-tez eşidirik. Lakin əməldə yekun sülhlə bağlı real addım görmürük. Bəs bunun səbəbləri nədir?
Məsələni “Sherg.az”a dəyərləndirən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli vurğulayıb ki, Paşinyanın fikrinin dəyişilməsi siyasi manipulyasiyadır və daxili auditoriyaya hesablanıb:
“Ermənistanın baş naziri 44 günlük müharibədən sonra da Qarabağ probleminin, Azərbaycanın Konsititusiyası çərçivəsində həll edilməli olduğunu demişdi.
O burada məsələnin bizim daxili işimiz olduğunu və qarışmayacaqlarını vurğulamaq istəmişdi. Lakin “Qisas əməliyyatı”ından öncəyə qədər fikrini yenidən dəyişdirərək, Qarabağın “statusu” və “müstəqilliyi” haqda fikirlər səsləndirirdi.
Amma son sərhəd toqquşmalarından sonra, Türkiyənin və xarici qüvvələrin haqlı israrı ilə, “Qarabağ məsələsi ayrıca həll edilməlidir.
Oradakı ermənilər özləri rəsmi Bakı ilə danışmalıdır. Ermənistan Azərbaycan arasındakı sülh Qarabağın iştirakı olmadan imzalanmalıdır” fikrlərini səsləndirdi. Doğrudur, o tez-tez fikrini dəyişir. Ancaq bu dəfə ki sözləri həqiqəti əks etdirir.
Çünki məsələnin həllinə moderatorluq edən Avropa Birliyi də Qarabağın ermənilər yaşayan ərazisini Azərbaycanın tərkib hissəsi kimi qəbul edir. Bu dəyişkənliyin səbəbi isə Paşinyanın İrəvanda oturan revanşistləri susdurmaq üçün siyasi manevrlər etməsidir.
Bundan sonra isə bu siyasi gedişlərin ciddi əhəmiyyət daşımayacağını düşünürəm. Ona görə ki, artıq sülh müqaviləsinin ilkin versiyası hazırdır. Yaxın zamanda isə prezident və baş nazir səviyyəsində təsdiqini tapacaq”.