“Makron və Ərdoğan kimi nüfuzli liderlərin məsələni təsdiqləməsi isə Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinin yaxında baş tutacağının siqnallarını verir”
Azərbaycan lideri İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel 2022-ci il oktyabrın 6-da Praqada görüş keçiriblər.
Görüşdə Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər. Tərəflər bildiriblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq. Sərhəd komissiyalarının növbəti iclası isə oktyabrın sonunda Brüsseldə keçiriləcək.
Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin missiyasına köməklik göstərmək üçün razılıq verib. Rəsmi Bakı da öz növbəsində bu missiya ilə əməkdaşlığa razılıq verib. Missiya oktyabr ayında faəliyyətə başlayacaq və maksimum iki ay müddətində davam edəcək. Missiyanın məqsədi - güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir.
Alma-Ata Bəyannaməsinin “kod”larını açan siyasi analitik Turab Rzayev “Sherg.az”a bildirib ki, bu sənəd ölkələrin qarşılıqlı şəkildə MDB-dən çıxış müqaviləsidir:
“Alma-Ata bəyannaməsi ilə MDB ölkələri Sovet İttifaqından çıxanda biri-birinin ərazi bütövlüyünü tanıyıblar. Ermənistan və Azərbaycan da bu ölkələr sırasındadır. 1991-ci ildə bunu Ayaz Mütəllibov imzalamamışdı. Daha sonra Moskvada mərhum Heydər Əliyev tərəfindən imzalanmışdı.Əlbəttə, bununla bağlı müxtəlif rəylər var. Orada güya referendumun keçirilərək, Qarabağın Ermənistana birləşdirilməsi və rəsmi İrəvanın Qarabağla birlikdə müstəqillik elan etməsi faktı var.
Ona görə də bu müqavilə Azərbaycanın müstəqilliyinin Qarabağsız tanınması kimi də yozula bilir. Biz isə öz prizmamızdan yanaşaraq, Xocavəndin işğalı 1991-ci ildən sonra olduğu üçün, Azərbaycanın ərazi bütövlüyünün tanınması kimi qəbul edirik. Burada əsas məsələ müqavilənin şərtləri deyil. Başlıca məqsəd Ermənistan və Azərbaycan rəhbərlərinin 5 prinsip əsasında ilkin razılığa gəlməsidir.
Bu isə sülh prosesinin başlanğıcıdır. Yəni ki, sülh komissiyaları formalaşdırılsa və işlər yekunlaşdırılaraq müqavilə imzalansa, rəsmi İrəvan Azərbaycan ərazisinə iddia edə bilmiyəcək. Daha sonra yerli erməni icması və rus sülməramlıları ilə Qarabağ məsləsini həll etmək isə Azərbaycan tərəfinin öz öhdəçiliyinə qalacaq. Buradakı əsas məsələ İrəvanı Dağlıq Qarabağ münaqişəsindən uzaqlaşdırmaqdır.
Bu Ermənistanın işinə də yarayır. Çünki onlar problemi üzərlərindən atıb, Avropaya inteqrasiya etmək istəyirlər. Biz isə məsələni daxili problem kimi həll etməyə çalışırıq.
Ona görə də bu bizim üçün müsbət addımdır. Makron və Ərdoğan kimi nüfuzli liderlərin məsələni təsdiqləməsi isə Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinin yaxında baş tutacağının siqnallarını verir“.