"Şuşa Bəyannaməsi"ndən sonra Azərbaycan Silahlı Qüvvələri Türkiyə ordusunun mini modelinə keçir”
“Prosesin əsas hissəsinin tamamlanması fonunda ordunun adı rüşvətlə hallana bilməz”
“Rüşvət anlayışı Türkiyə Silahlı Qüvvələrinə uzaqdır. Biz də orduda eyni üsulun tətbiqinin şahidi olacağıq”
Hərbi qulluqçulardan rüşvət alan N saylı hərbi hissənin zabiti, həkim Vəli Quliyev həbs olunub. Hərbi hissənin tibb məntəqəsində həkim işləyən Vəli Quliyev müxtəlif vaxtlarda hərbi qulluqçulardan pul alaraq onları müalicə adı ilə hospitala göndərib. Hüquq-mühafizə orqanları tərəfindən keçirilən araşdırma zamanı Vəli Quliyevin əməllərinin üstü açılıb. Xəstəlik sənədi verilən hərbçilərin əksəriyyətinin müalicəyə ehtiyacının olmadığı, rüşvət verməklə hospitala göndərildikləri məlum olub. Vəli Quliyev barəsində Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə cinayət işi başlanaraq barəsində həbs-qətimkan tədbiri seçilib.
Quliyev Vəli Bəkir oğlu Vətən müharibəsindəki xidmətlərinə, Qubadlının və Füzulinin azad olunmasına görə medallarla təltif olunub.
Məsələ ilə bağlı "Sherg.az"a danışan hərbi ekspert Elxan Şıxəliyevin qənaətincə, bəzən Müdafiə Nazirliyi tərkibindəki idarələrdə hərbi qulluqçuların adları rüşvət almaqda, maliyyə resurslarına nəzarət etməməkdə hallanır:
"Artıq böyük həcmdə korrupsiyaya yol verməkləri mümkün deyil. Dövət Təhlükəsizlik Xidməti (DTX) hüquqi prosedurların pozulmasına ciddi nəzarət edir. Bir müddət öncə Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, Quru Qoşunlarının maliyyə rəisi, ümumilikdə 10-a yaxın maliyyə rəislərinə qarşı DTX cinayət işi qaldırdı. Ortalama 100 milyon dövlət vəsaiti ayrı - ayrı vaxtlarda fərqli maliyyə idarələri tərəfindən mənibsənilib.
"Şuşa Bəyannaməsi"ndən sonra Azərbaycan Silahlı Qüvvələri Türkiyə ordusunun mini modelinə keçir. Prosesin əsas hissəsinin tamamlanması fonunda ordunun adı rüşvətlə hallana bilməz. Rüşvət anlayışı Türkiyə Silahlı Qüvvələrinə uzaqdır. Biz də orduda eyni üsulun tətbiqinin şahidi olacağıq. Doğrudur, bəzi səlahiyyətli şəxslər gizli korrupsiyaya əl atmağa çalışacaqlar. Türkiyə ordu modelində əsas məqam rüşvət və korrupsiyadan kənarda qalmaqdır.
Hər kəs törətdiyi hüquq pozuntusunun cavabını verəcək. Müdafiə Nazirliyi sistemində DTX nəzarəti əvvəlki illərə nisbətən həddindən artıq nəzarəti gücləndirib. Silahlı qüvvələrdə zabitlər, komandirlər ürəkləri istədiyi kimi davrana bilməyəcək.
Yeni modelin tətbiqi ilə korrupsiyadan uzaq ordunun yaranacağına inanmalıyıq".