Deputat güllə yarası alan həmkarından yazdı: "Cinayətkarlar cəzalarını çəkəcək!"

"Hüquq mühafizə orqanlarımız gərəkən tədbirləri görəcək, cinayətkarlar tezliklə tapılıb, haqq etdikləri cəzanı alacaqdır".

"Sherg.az" xəbər verir ki, bunu feybuk hesabında Milli Məclisin deputatı Qənirə Paşayeva Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən vurğulayıb.

"Hörmətli Fazil bəyin ictimai-siyasi fəaliyyətinə yaxından bələd olanlar onun hansı dəyərləri müdafiə və təbliğ etdiyini, xurafata qarşı açıq mətnlə mübarizə apardığını yaxşı bilir. İnşallah tezliklə sağlamlığına qovuşar və qaldığı yerdən mübarizəsinə davam edər! Yastığı yüngül olsun!"-, deputat əlavə edib.

Qeyd edək ki, bu gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa evinin qarşısında silahlı hücuma məruz qalıb. Nəticədə o, sağ çiyin və sağ bud nahiyələrindən güllə yarası alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır.