"ABŞ hökumətinə bağlı olan USAİD adlı qurum eləcə də vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verməkdən daha çox, ictimai-siyasi prosesləri manipulyasiya etmək məqsədi güdür. Təşkilat yarandığı vaxtdan bəri Afrikada, Yaxın Şərqdə, Asiyada, Avropada və s. regionlarda ABŞ-nin maraqlarını təmin etməklə məşğuldur.
Artıq Azərbaycan güclü dövlətdir və həmin qurumun yardımına ehtiyacı yoxdur".
Bunu "Sherg.az"a açıqlamasında 1991-ci ildən başlayaraq Azərbaycanda da fəaliyyət göstərən USAİD barədə danışarkən “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov deyib.
Politoloq bildirib ki, USAİD-in Azərbaycanda fəaliyyətinin uğurlu və səmərəli nəticəsi görünmür:
"Azərbaycan özü bir çox dövlətə yardım edir. Xüsusilə, pandemiya dövründə bunun şahidi olduq. Bir qrup insan sözügedən qurumun şəffaf fəaliyyətinə inana bilər. Hətta fəaliyyət göstərsə belə vətəndaş cəmiyyəti qurumun əsl məqsədini başa düşür. USAİD cəmiyyətimizə ciddi təsir göstərməyi bacarmır.
Hər halda USAİD-in fəaliyyətini məhdudlaşdırsaq, ABŞ və onun tərəfdarları Azərbaycanın söz haqqını qadağan etməsi adı ilə dünyaya car çəkməyə çalışacaqlar. Çirkin kampaniyalar aparmağa səy göstərəcəklər".
Qeyd edək ki, USAİD ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılıb. Təşkilat 2023-2025-ci illərdə müxtəlif ölkələrdə dırnaqarası vətəndaş cəmiyyəti quruculuğuna 9,5 milyard dollar vəsait ayırıb.