"Prezident İlham Əliyevin Avrasiya İqtisadi Birliyinin toplantısına qonaq qismində qatılması Azərbaycanın birliyə üzvlük məsələsiylə əlaqələndirilməməlidir".
Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, birincisi, birliyə üzv olan Ermənistanla iqtisadi əlaqələrimiz yoxdur:
"Ermənistanla sülh sazişi imzalansa belə, iqtisadi əlaqələrin qurulması, qonşu dövlətlə azad ticarətin başlanması uzaq gələcəyin işidir. İkincisi, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünə əngəldir. Qərb ölkələrinin Rusiyanın bir çox şirkətinə qarşı sanksiya qərarları mövcuddur. Həmin şirkətlərlə əməkdaşlıq edənlərə qarşı da sanksiyalar tətbiq edilir. Fikrimcə, Azərbaycan üçün Avrasiya İqtisadi Birliyində müşahidəçi statusu kifayət edər. Azərbaycan birliyə üzv olub üzərinə öhdəliklər götürməkdənsə birliyə üzv olmadan üzv ölkələrlə ticarət əlaqələrini inkişaf etdirmək imkanına malikdir".