Bakıda aptek müdiri xanım işçisini döyüb.
Bakupost.az xəbər verir ki, hadisə Bakı şəhəri, Səbail rayonunda, Rəşid Behbudov küşəsinə yaxın apteklərdən birində baş verib.
Qeyd olunur ki, aptek müdiri olduğu bildirilən Cabbarov Elnur Elman oğlu işçisi Aysel adlı xanımı vəhşicəsinə döyüb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Yayılanan görüntülərdən müdirin işçini yumruqlayıb yerə yıxdığı, daha sonra təpiklədiyi və yerlə sürüdüyü görünür.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, bu kimi hallar yolverilməzdir:
“Nəinki iş rejimi, hətta gündəlik həyatda da cəmiyyətin hansı sferasında olursa, olsun bir insanın başqasına zorakılıq tətbiq etməsi yol verilməzdir və buna görə cinayət məsuliyyəti daşıyır. Yəqin ki, zorakılığa məruz qalan işçi artıq bununla bağlı hüquq mühafizə orqanlarına şikayət edib. Ümumiyyətlə bəzi iş yerlərində müdirsənsə, işçilərin üzərində hər hökmü edə, onları təzyiqə məruz qoya bilərsən düşüncə formalaşıb. Təbii ki, bu belə deyil. Vəzifəcə üstün şəxslər, özündən aşağıda işləyənlərin haqqını-hüququnu tapdalaya bilməz. Ola bilər iş ilə bağlı hansısa səhvə yol verilsin, anlaşılmazlıq olsun. Lakin bunun həlli etik qaydalar və qanunvericilik çərçivəsində olmalıdır. Sözügedən şəxs haqlı olsa belə başqasına zorakılıq tətbiq edərək haqsız duruma düşüb. İşçi səhvə yol veribsə, xəbərdarlıq edilməli, töhmət yazılmalı, və sonuncu olaraq işdən azad edilməlidir. Əgər səhvə görə işçiyə şiddət edilibsə, müdirə qanun tərəfindən ciddi şəkildə cəza tətbiq edilməlidir. Başqasına bu cür davranmağa qanun icazə vermir”.