Fələstin, Fransa, Almaniya, ABŞ və Əlcəzairin bəzi regionlarından ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fələstinin Ramallah və Əl-Bireh əyalətində dabaq, Fransanın Korsika regionunda, Almaniyanın Berlin şəhərində blutanq, Əlcəzairin Əlcəzair, Tipaza, El Tarf, Bürc-Bü-Ərriric, Setif, Tebessa, Skikda əyalətlərində nodulyar dermatit, ABŞ-nin İllinoys ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
"Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, WOAH-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq Ramallah və Əl-Bireh əyalətində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən çütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Korsika regionunda və Berlin şəhərində xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Bununla yanaşı Əlcəzair, Tipaza, El Tarf, Bürc-Bü-Ərriric, Setif, Tebessa və Skikda əyalətlərində xəstəlik baş vermiş təsərrüfatdan 50 km radiusda olan məsafədən bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına, İllinoys ştatında xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına da müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib Azərbaycana daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub", - AQTA-nın məlumatında qeyd edilib.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, xaricdən Azərbaycana idxal edilən ətlər əsasən sənayedə istifadə edilir:
“Bu ətlər bizim bildiyimiz bud ətləri kimi yox sənayedə istifadə edilən qabırğa arası kimi ətlərdir. Məsələn Braziliyadan Azərbaycana qabırğaarası ətlər külli miqdarda idxal olunur. Onlar təmiz ətlərdir və çox az qiymətə, yəni 5 manata civarında satılır. Fələstin, Fransa, Almaniya, ABŞ və Əlcəzairin isə Azərbaycanda ət payı çox kiçikdir. Ona görə də ətin qiyməti qalxan tendensiya ilə davam edir. Bu tendensiya yaxın 4 ildən sonra tam dəyişəcək. İşğaldan azad edilmiş ərazilərdə böyük heyvandarlıq təsərrüfatları yavaş-yavaş inkişaf edir. Hazırda Azərbaycan özünü ət ilə təmin etmək iqtidarında deyil. Ona görə də idxaldan asılılıq var. Lakin işğaldan azad olunan zonalarda inkişaf etdikdən sonra Azərbaycan özünü tamamilə ət ilə təmin edəcək. Güman edirəm ki, hətta sənaye ətləri də olacaq. Baş verən vəziyyət ətin qiymətinə təsir etməyəcək. Yeni il qabağı ola bilsin ki, ətlərin qiymətində 1 manat və ya 1 manat 50 qəpik artım müşahidə edilə bilər”.