Rusiyanın işğalı altında olan Ukraynanın Xerson vilayətinin Yeni Kaxovka rayonunda Kaxovka Su Elektrik Stansiyası (SES) dağıdılıb. Ukraynanın "Cənub" operativ komandanlığı SES-i Rusiyanın partlatdığını açıqlayıb.
SES-in partladılması ciddi fəlakətlərə yol açıb. Məlumata görə, Kaxovka su anbarında suyun səviyyəsinin qalxması səbəbindən Rusiya Yeni Kaxovka, Qolopristansk və Aleşkinsk yaşayış məntəqələrinin əhalisini təxliyə etməyə başlayıb. "Cənub" Əməliyyat Komandanlığının məlumatına görə, Dnepr çayı yaxınlığında yerləşən qəsəbələri sel təhlükəsi gözləyir. Xerson şəhərinin sağ sahilində və daşqın gözlənilən kəndlərdə əhalinin avtobuslarla təxliyəsinə başlanılıb. 7 nəfərin itkin düşdüyü bildirilir. Şübhəsiz, Kaxovka şəhərində yerləşən su-elektrik stansiyasının bəndinin partladılması hərbi cinayətdir. Çünki hədəfdə mülki insanların həyatı, var.
Rusiyanın bu hərəkəti Ermənistanın 44 günlük Vətən savaşı zamanı, 2020-ci ilin oktyabr ayında bənzər təxribata cəhd etməsini xatırladır. Xatırladaq ki, 2020-ci ilin oktyabr ayı boyunca ermənilər bir neçə dəfə Mingəçevir su-elektrik stansiyasının (SES) bəndini partlatmağa səy göstərmişdi. Şübhə yox ki, Mingəçevir SES kimi böyük bir su hövzəsi dağıdılsaydı, rayonlarımız su altında qala bilərdi. Ermənilər öz çirkin məqsədlərinə nail olmaq üçün SES-i uzaqmənzilli raketlərlə dəfələrlə vurmağa cəhd etsələr də, hava hücumundan müdafiə sistemimiz düşmənin raketlərini dərhal məhv etdi. Ermənistan da bu hərəkəti cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raket atmaqla beynəlxalq hüququn bütün normalarını, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobud surətdə pozmuşdu.
Hadisənin böyük bir cinayət olduğunu deyən millət vəkili Fazil Mustafa "Sherg.az"a bildirib ki, partlayışım kimin tərəfindən törədildiyi araşdırılmalıdır:
"Bu barədə qarşılıqlı ittihamlar var. Daha çox ehtimal edilir ki, bu SES Rusiyanın nəzarəti altındaydı və onlar tərəfindən partladılıb. Ancaq kimin tərəfindən partladıldığı ilə bağlı konkret sübutlar ortaya qoyulmalıdır. O zaman vəziyyəti daha aydın təsvir etmək olacaq. Bütövlükdə isə bu hadisə onu göstərdi ki, müharibənin qanunları çox sərtdir və bir dövlətin insanlarının taleyini belə üsullarla həll etmək olmaz. Bu ilk növbədə böyük bir ekoloji fəlakət yaradır. İkinci isə insanların evsiz-eşiksiz qalmasına səbəb olur. Əməli törədənlər mütləq cinayətə cəlb edilməlidir. Ona görə ki, bu hücum hərbi qanunlar çərçivəsindən çıxan bir addımdır".
Parlamentarinin sözlərinə görə, ermənilərin törətdikləri vəhşilikləri ruslarla müqayisə etmək olmaz:
"Yəni onlar Xocalıda nə qədər qana susamış olduqlarını göstərib. Mingəçevir SES-nin vurulmasına da bu cür baxırdılar. Ümumiyyətlə onlar üçün humanist və insanı yanaşma faktoru yoxdur. Ruslarda ən azından yad bir cəmiyyətə öz içində yaşatmaq imkanı var. Necə ki, indi orada müxtəlif xalqların təmsilçiləri yaşaya bilir. Lakin Ermənistanda bu yoxdur. Bədnam qonşularımız bu vəhşiliyi digər xalqlara qarşı da törədib. Biz də bu kontekstdə Ermənistanın müqayisəsiz vəhşiliyini qəbul etməliyik. Digər tərəfdən onların Mingəçevirdə törətmək istədikləri, Koxovka da baş verənlərlə eyni niyyəti daşıdığı aşkardır. Ümid edək ki, Ermənistanın bundan sonra belə imkanları olmayacaq və öz qabığına sığışan dövlət kimi Qafqazda qarışıqlıq yaratmaq istəyindən əl çəkəcək".