Qondarma məhkəmə  - Ermənistanın beynəlxalq hüquqa zidd addımı


Ermənistanda qondarma "məhkəmə prosesi" nəticəsində  əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundova hökm oxunub.
O, 20 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 19 yaşlı Bəbirov Aqşin Qabil oğlu və 20 yaşlı Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
 Azərbaycan ordusunun əsgəri Hüseyn Axundov əsassız iddialarla təqsirləndirilib. O, guya Sünik rayonunda 57 yaşlı asayiş keşikçisini “qətlə yetirib".

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar, onlar həbs edilib.

Hüseynin Ermənistanda əsir götürüldüyü kadrlarından əslində hər şey gün kimi aydındır. Ona qarşı olan təzyiqi, zor tətbiqini, işgəncəni yayılan kadrlarda açıq-aşkar Hüseynin hər halından bəlli idi. Ermənistan tərəfi beynəlxalq hüququn tələblərini heçə sayıb. Aparılan sülh danışıqlarına zərbə vurmaq niyyətini nümayiş etdirir.  Lakin təəssüf ki, "insan haqlarından" dəm vuran beynəlxalq təşkilatlar, özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi qələmə verməkdən yorulmayan dövlət və dövlət başçıları Azərbaycan əsgərinə qarşı olan işgəncə görüntülərinə bu zamana kimi heç bir reaksiya vermədilər.

Rəsmi İrəvanın məntiqsiz addımını "Sherg.az"a şərh edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Hümbətovun qənaətincə, Ermənistan Ədalət hissindan uzaqdır:

"Sadəcə kin və küdurətdən doğan bir qərardır. Çünki hərbçimiz  cinayət əməli törətməyib, qeyri-sabir hava şəraitinə görə bilmədən yolunu azıb. Vətən müharibəsindən sonra erməni diversantlar, silahlılar qətliam həyata keçirtmək məqsədilə ərazilərimə daxil olublar. Azərbaycan onları ya 2-3 illik həbs ya da ki, qarşılıqlı əsirlərlə mübadilə edib. Ermənistanın belə qərarı düşmənçilik siyasəti yürütdüyünə eyham vurur. Görünür, beynəlxalq hüquqa uyğun davranmaq niyyəti də yoxdur".


Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli isə deyir ki, bu bilavasitə beynəlxalq müqavilələrə, eləcə də Haaqa və Cenevrə konvensiyalarına ziddir:

"Konvensiyalara əsasən, əgər əsir götürülən şəxs hərbçidirsə, o, işgəncəyə məruz qala bilməz. Məhkəmə prosesində də vəkil ilə təmin olunmalıdır.
Ermənistanın əsas məqsədi hüquqi yox, siyasidir, ideolojidir. Addımları da beynəlxalq qanunvericiliyi pozmaq çərçivəsində həyata keçirirlər".