Xankəndidəki mitinq ilk və son deyil  - ŞƏRH

Fuad Abbasov: “1988-ci ildə Mixail Qorbaçovun "perestroykasından" sonra da hər şey mitinqlərlə başlamışdı”


"Erməni sakinlərinin Xankəndidəki mitinqi ilk və son deyil". 

Bunu "Sherg.az"a siyasi şərhçi Fuad Abbasov Qarabağ ermənilərinin Xankəndidəki etirazlarından danışarkən deyib. Onun sözlərinə görə, 1988-ci ildə Mixail Qorbaçovun "perestroykasından" sonra da hər şey mitinqlərlə başlamışdı:

"Zori Balayan, Abel Aqanbekyan və Şahnazaryan Qarbaçovun  məsləhətçiləri idilər. Onların diqtəsi ilə Xankəndidə mitinqlər keçirildi. Bu etirazların ardınca ermənilər ayağa qalxdılar, azərbaycanlıları oradan qovmağa başladılar. Torpaqlarımız işğal olundu. Təcrübədən yola çıxaraq, rəsmi Moskva yenə də mitinqə xitab edir. Bəlkə, bu dəfə də 30 il əvvəl olduğu kimi, dünya ictimaiyyətinə müraciət edərək, həyəcan təbili çalmağa çalışırlar. Amma 2023-cü ilin 1988-dən ən böyük fərqi odur ki, Azərbaycan artıq müstəqil dövlətdir. "Dağlıq Qarabağ" Azərbaycanın suveren torpaqları olaraq, qəbul edilib. Daha Sovet ittifaqının tərkibində qalmaq şərti ilə "Azərbaycandan ayrılırıq" iddiası da işləmir. Onların ölkə ərazimizdə özlərinə qondarma parlament açmaları, prezident, nazir seçmələri qeyri-legitimdir. Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə yaşamaq, işləmək, yaratmaq istəyirlərsə, buyursunlar. Belə bir niyyətləri yoxdursa, Ermənistan və dünyanın yolları onlar üçün açıqdır".

Qeyd edək ki, Qarabağın erməni sakinləri Xankəndidə mitinqə başlayıblar. Onlar Laçın yolunun dərhal açılmasını tələb edirlər.