Rusiya-Ukrayna DİALOQU: Qərb izn verməz!  - ŞƏRH

"Avropa, ələlxüsus İngiltərə son Ukrayna əsgərinə qədər Rusiya ilə müharibə aparmaq niyyətindədir. Bəlkə də, Rusiya  Ukrayna ilə danışıqlar apara bilər. Amma Avropa Ukraynanı Rusiyayla danışıqlar masasına oturmağa icazə verəcəkmi? Əlbəttə, yox".

Bunu "Sherg.az"a açıqlamasında jurnalist, siyasi şərhçi Fuad Abbasov deyib. O bildirib ki, İngiltərə müharibənin sonlanmasını istəmir, Rusiyanın zəifləməsinin tərəfdarıdır:

"Ukraynayla Rusiyanın müharibə ilə əlaqədar hansı planı olurda olsun, kollektiv Qərbin öz maraqları, mənfəətləri var. Peskov da Rusiya prezidenti adından böhranın nizamlanması barədə açıqlama verməsi mümkündür. 
Böhran taxıl, əsirlərin dəyişdirilməsi, Krımın azad edilməsi də ola bilər. Qərb isə belə addımın atılmasına hazır deyil. Söhbət Ukraynadan yox, ən böyük investoru, sponsoru Qərbdən gedir. Qərb də Rusiya tam zəifləməyənə kimi müharibənin bitməsinin tərəfdarı deyil".

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın böhranın nizamlanması üçün Ukrayna ilə dialoqa hazır olduğunu deyib. Ukrayna Rusiyanın dialoq təklifini rədd edib.  Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyakın sözlərinə görə, Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxarana və törətdiyi hərbi cinayətləri etiraf etməyənədək rəsmi Kiyev Moskva ilə danışıqlara razı olmayacaq.