"Sherg.az" uzun müddətdir, mediada görünməyən Xankəndini təmsil edən sabiq deputat Flora Qasımova ilə həmsöhbət olub, həm son günlər davam edən siyasi prosesləri, Qarabağdakı hazırkı vəziyyəti müzakirə edib, həm də keçmiş millət vəkilinin indiki məşğuliyyəti, fəaliyyəti ilə bağlı danışıb.
- Flora xanım , uzun müddətdir ki , mediada görünmürsüz. Necəsiniz? Səhhətiniz necədir?
-Sağ olun, Allaha şükür, yaxşıyam.
-Gününüz necə keçir, boş vaxtlarınızda nə işlə məşğul olursunuz?
- Heç nə, bağda oturmuşam. Günboyu xəbərləri oxuyuram.
- Yəqin ki, Qarabağla bağlı sülh danışıqları proseslərini də izləyirsiniz...
- Hə...
- Ölkə lideri, Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib...
- Bəli.
- Ermənistanla aparılan sülh danışıqlarının uğurlu bir ssenari ilə yekunlaşacağına inanırsınızmı? Bu proseslərin sonu necə olacaq?
- Bilirsinizmi, 27 il aparılan danışıqların nəticəsi olmadı. İndi qarşı tərəf yenə də Azərbaycandan nəsə qoparmağa çalışır. Amma heç nə əldə edə bilməyəcəklər. Çünki artıq güclü ordumuz var, xarici ölkələrlə dostluq əlaqələri qurmuşuq. Ermənistan sadəcə vaxtı uzatmağa çalışır. Əl çəkmir. Görünür, 44 günlük müharibə düşmən ölkəyə dərs olmayıb. Onlar sərhədlərin Azərbaycanın nəzarəti altında olduğunu başa düşmürlər.
- Son olaraq, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədən Vaqif Xaçaturyanı Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlayıblar. Siz Xankəndidən seçilən millət vəkili olmusunuz. Erməni məkrini yaxşı bilirsiniz. Terror təşkil edən ermənliləri də o dövrdən yaxşı tanıyırsınız.
-Vaqif Xaçaturyan kimi Azərbaycanın qanına susamış nə qədər cinayətkar var, bilirsinizmi?! Onlar sülh danışıqlarının uğurla yekunlaşmasına imkan verərlərmi?! Onlar törətdikləri vəhşiliklərin qorxusundan sülh prosesinin irəliləməsinə mane olmağa çalışırlar. Vaxt uzadırlar. Erməni kimi həyasız millət yoxdur. Azərbaycanın 1 milyondan çox əhalisini evindən didərgin salıb, rayonları, kəndləri yerlə-yeksan edib, daşı daş üstündə qoymayıb, evləri yıxıblar. Özləri etnik təmizləmə aparıb, azərbaycanlıları qovublar, digər tərəfdən də bizi günahlandırırlar. Düzələn millət deyillər. Ermənilər neçə dəfə azərbaycanlıların başına oyun gətiriblər. Heç vaxt da cəzalarına çatmayıblar. Bacarmamışıq. Xalq Cümhuriyyətinin dövründə Qarabağda azərbaycanlılara qarşı ermənilərin törətdikləri cinayətləri araşdıran komissiya var idi. Artıq yekunlaşmışdı, müzakirəyə çıxarmalı idilər. Cümhuriyyət süquta uğradı, yarımçıq qaldı. Amma nə faydası?! Əsas ilanın başıdır. 35 ildir, hələ də dinc dayanmırlar. Təbii ki, Cənubi Qafqaza maraqlı olanlar da erməniləri sakit qalmağa qoymurlar. Ona görə də sülh danışıqlarını uzatmağa çalışmaq mənasızdır. Başqa yolları yoxdur. Əvvəl-axır tabe olacaqlar.
- Vaxt ayırdığınız üçün təşəkkür edirik, Flora xanım. Sağ olun!