Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanı hələ də Ağdam-Xankəndi yolundadır.
İçərisində 40 ton un olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. Qarabağdakı erməni əhali isə yardımı qəbul etməkdə tərəddüd edir. Azərbaycanda 30 minə yaxın erməni yaşayır. Sual yaranır ki, yardımı Azərbaycanda yaşayan ermənilər aparsaydı necə olardı? Onları belə məqamda üzə çıxarmaq və fakt kimi istifadə etmək Xankəndindəki erməni əhalinin ürəyinə su səpməzdimi?
Azərbaycanda yaşayan ermənilər haqqında məlumatı olmadığını deyən İrəvan şəhərində anadan olmuş tanınmış araşdırmaçı-jurnalist, "Çapar" dərgisinin baş redaktoru Dilqəm Əhməd “Sherg.az”a vurğulayıb ki, Sovetdən sonra burda qalan ermənilər indi yaşlanmış olarlar:
“ 30 il multikultural şəraitdə yaşadıqdan sonra Xankəndidə yaşayan ermənilər arasında dərin uçurum mütləq ki olacaqdır. Bu baxımdan Bakıdakı ermənilərin Qarabağdakı ermənilərlə görüşmək istəyəcəklərini zənn etmirəm. Digər tərəfdən Xankəndidəki ermənilər onları ələ alınmış, öyrədilmiş kimsələr olaraq elan edəcəklər. Bu baxımdan məsələni vacib hesab etmirəm. Biz çalışmalıyıq ki, Xankəndinin özündə yaşayan ermənilərin böyük qismini tərəfimizə çəkək. Bunu bacarsaq, separatçı ermənilərin, Fransanın və başqalarının planları suya düşəcək. Azərbaycan hökuməti hazırda doğru qərar verib. Axır-əvvəl onlar reallıqla barışacaqlar".