"Ağdam-Xankəndi you açıldıqdan 24 saat sonra Laçın yolu da açılacaq”.
Bunu prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində deyib.
"Yollar nə qədər çox olsa, hamı üçün bir o qədər yaxşıdır”, - deyən H.Hacıyev Qarabağ ermənilərinə digər Azərbaycan vətəndaşları kimi dil, mədəni, dini, o cümlədən bələdiyyə hüquqlarının təklif olunduğunu da bildirib.
Ağdam-Xankəndi yolunda olduğunu deyən politoloq Orxan Amaşov "Sherg.az"a bildirib ki, hadisələri canlı müşahidə edir:
"Hazırda Ağdam yolu bağlanılıb. Ancaq bu yol təcili surətdə açılmalıdır. Çünki 40 ton un tırlarda gözləyir. Ümumiyyətlə bu məsələnin kökü dərinlərə gedir. Hələ 15 iyul tarixində biz Ermənistanla razılaşmışıq. Ona görə Laçın və Ağdam-Xankəndi yolları arasında Brüsseldəki komplimentarlıq prinsipi olmalıdır. Yəni hər iki yol işləməlidir. Ağdam-Ağdərə-Xankəndi yolu böyük humanitar yüklər üçün münasibdir. Laçın yolu isə Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə xəstələrin və tibbi ləvazimatların daşınması üçün uyğundur. Əgər Ağdam yolub açılsa və yüklər daşınmağa başlasa, Laçın yolunda da hərəkət intefikasiyası arta bilər. Ümumiyyətlə Laçın yolu onsuz da açıqdır, amma oradakı hərəkət müəyyən bir çərçivədə baş verir. Düzdür, Ağdam-Xankəndi yolu hələ ki, Laçın yolunun əvəzi deyil. Lakin hər iki yolun işləməsi mütləqdir. Eyni zamanda BMT Təhlükəsizlik Şurasının 6 avqustdakı sessiyasında da hər iki yolun işləməli olduğu qeyd edilib”.
Analitikin əlavə edib ki, hansısa hadisənin baş verəcəyini ehtimal edirdi:
“Çünki gözlənti var idi ki, rus gələcək və yüklər onların maşınlarına boşaldılaraq Xankəndiyə aparılacaq. Düzdür, rəsmi məlumata istinad etməliyik. Amma mənim anladığım ondan ibarətdir ki, artıq hər şey hazır idi, lakin baş vermədi. Yəqin separatçılar onların qarşısını alıblar. Ümumiyyətlə Azərbaycan bütün dünyaya göstərdi ki, Ağdam-Xankəndi yolu işlək vəziyyətdədir və yüklər gəlib. Bunu qəbul etməmək isə ermənilərin vəziyyətini daha da pisləşdirəcək. Çünki Ermənistan və Qarabağdakı separatçılar Azərbaycan tərəfindən edilən hansısa təklifə müsbət reaksiya vermədikdə, yeni təklif daha zəif olur. Bununla da onlar uduzurlar. Ümumiyyətlə Azərbaycan bu vəziyyətdə uduşludur, sadəcə olaraq məqsədimizə nail olmağa hələ var".