Hakimiyyət iki yerə bölünüb -  Qərb Zurabişvilini qoruyacaqmı ?


Gürcüstan Prezidenti Salome Zurabişviliyə impiçmentlə bağlı hakim "Gürcü Arzusu" Partiyası imzatoplama kampaniyasına başlayıb.
Bu barədə partiyanın lideri İrakli Kobaxidze sentyabrın 1-də keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Prezident Salome Zurabişvili ölkə Konstitusiyanı kobud şəkildə pozub: “Prezidentin qanunun pozmasına ən səmərəli cavab impiçmentdir”.
 Gürcüstan hakimiyyətində baş verənləri   "Sherg.az"a şərh edən politoloq Samir Hümbətov söyləyib ki, Gürcüstanda belə halların xarakterik ola biləcəyi əvvəlcədən məlum idi:
"Çünki Gürcüstan hakimiyyətinin Rusiya ilə royal münasibəti var. Hətta Medvedev bir neçə gün öncəki açıqlamasında bildirdi  ki, Gürcüstanın mövcud hakimiyyəti ilə işləmək olar. Bu çıxışın özü bir siqnaldır. Deməli, indiki hökumət Gürcüstan ərazisinin Rusiya tərəfindən işğalına baxmayaraq Kremllə münasibətlərə üstünlük verir. Ümumiyyətlə, rəsmi  Tbilisidə siyasi fikir ayrılıqları var. Bunun səbəbi də İvanaşvilinin siyasi davranışlarıdır. Saakaşvilidən sonra hakimiyyətə gələn İvanaşvili rusiyameyilli şəxs idi və Moskvanın maraqlarına xidmət edən siyasət xətti yürüdürdü" .
Analitik əlavə edib ki, İvanaşvilidən sonra hakimiyyətə gələnlər də rusiyameyilli siyasətə yönəldilər:
"İndi də bu proses gedir. Gürcüstanın hazırkı Prezidenti Zurabaşvili isə Qərblə dərin əlaqələri olan şəxsdir. O həm də Fransa vətəndaşıdır. Bu baxımdan da hakimiyyət iki yerə bölünüb. Amma mən düşünmürəm ki, onlar Prezidenti impiçment edəcək qədər uzağa getsinlər. Çünki bu ağır prosesdir və Qərb ölkələri imkan verməz. Onsuz da Qərb Saakaşvilidən sonra Gürcüstanda zərbə alıb. Yəqin ki, yaxın zamanlarda yeni Qərb və Gürcüstan münasibətlərinin şahidi olacağıq. Yəni onlar hökumətə təsir edəcəklər. Ümumiyyətlə indiki vəziyyətdə Prezidentə qarşı impiçment siyasəti asan deyil. Bu baş verərsə Gürcüstanda xaotik vəziyyət yaranacaq, hətta proseslər mövcud hökumətin devrilməsinə qədər də gedə bilər".
Qeyd edək ki, S. Zurabişvili avqustun 31-də Gürcüstanın Avropa İttifaqına namizədliyinin dəstəklənməsi üçün xarici dövlətlərin liderləri ilə görüşmək məqsədi ilə Avropaya səfəri edib. Gürcüstan hökuməti isə ona bu səfəri rəsmi şəkildə rədd edib.

Xatırladaq ki, Prezidenti impiçment göstərilməsi üçün deputatların 2/3-sinin razılığı kifayətdir. Parlamentdə hakim partiyanın 84 üzvü var. İmpiçmentə isə 100 səs lazımdır. 50 deputatın imzası isə etimadsızlıqla bağlı prosedura başlamaq üçün kifayətdir.