"Hadisələrin bundan sonra necə inkişaf edəcəyi, həmin görüşün nəticələrindən də əhəmiyyətli şəkildə təsirlənəcək"
“Sherg.az” Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn ilə ölkə gündəmini və son hadisələri müzakirə edib.
Söhbəti təqdim edirik:
-Azərbaycan tərəfindən Xankəndində yaşayan erməni əsilli vətəndaşlara göndərilən humanitar yardımın 3 gündür buraxılmaması nəyə hesablanıb?
-Bu onu göstərir ki, Xankəndidəki erməni əhali bir qrup silahlı və terrorçu rejim tərəfindən blokadaya alınıb. Azərbaycan dövlətinin də vəzifəsi ondan ibarətdir ki, blokadanı aradan qaldıraraq, erməni əhaliyə yaşamaq üçün lazım olan məhsulların çatdırılmasını və digər məsələləri həll etsin.
- Fransanın Qarabağdakı ermənilərə göndərdiyi “humanitar yardım” TIR-larını müşayiət edən Paris meri Ann İdalqonun rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 30-da Azərbaycan sərhədinə gəlib. Fransa hökuməti niyə bu qədər canfəşanlıq edir?
-Fransanın ənənəvi ermənipərəst siyasət yürütməsi hər kəsə məlumdur. Ümumiyyətlə ermənipərstlik və dünya erməniçiliyinin Azərbaycan xalqına qarşı yürütdüyü irqçi, faşist siyasətinin arxasında duran beynəlxalq mərkəzlərdən biri də Fransadadır. Digər tərəfdən erməni lobbisinin Fransa siyasətinə təsiri, rəsmi Parisin ənənəvi türk və islam düşmənçiliyi xəttini də bu sıraya əlavə etmək lazımdır. Hazırda Fransa Türkiyə ilə Aralıq dənizində faktiki müharibə aparır və bu qarşıdurmanın teatrlarından bir də Cənubi Qafqazdır. Xüsusən də burada Azərbaycanın Qarabağ bölgəsindəki terrorçu rejimdən istifadə edilir. Bu isə bölgədəki xalqların yaşamına təhlükə yaradan bir mənbədi. Bizim mövqeyimiz isə aydındır.
- Bu gün Ermənistan tərəfinin hücumları nəticəsində Azərbaycan ordusunun 3 hərbiçisi yaralanıb. Biz onlara yardım əli uzadırıq ermənilər isə təxribatla cavab verir. Bunu necə dəyərləndirirsiniz?
-Bu açıq şəkildə təcavüzdür və cavabı da verilməlidir. Beynəlxalq hüquqa görə bizim suverenliyimiz və xalqımızın təhlükəsizliyi baxımından cavab vermək haqqımız var. Belə bir şəraitdə Ermənistan ərazisindəki bütün hərbi obyektlər qanuni hədəfdir. Azərbaycan əsgərləri isə öz konstitusyon hüququnu yerinə yetirib sözügedən hədəfləri zərərsizləşdirməlidir. Hamımız canımız və qanımızla Azərbaycan əsgərinin yanındayıq.
-Bu gün ABŞ Dövlət departamenti və Avropa Birliyi tərəfindən verilən bəyanatlarda yenidən birtərəfli mövqeyin şahidi olduq. Qərb və Avropa Birliyinin belə bir açıqlama verməsə nəyə hesablanıb?
-ABŞ- də daxil olmaqla kollektiv Qərbin öz maraqları var. Bu maraqlar indiki etapda, xüsusən də Rusiya ilə soyuq müharibə fonunda daha da kəskinləşib. Ümumiyyətlə Qərb əvvəldən Ermənistanın Azərbaycana təcavüzü məsələsində ikili standartlardan çıxış edib. Bu indi də davam etməkdədir. Mənim fikrimcə Qərbin və Fransanın nə etdiyi, nə istədiyi önəmli deyil, əsas Azərbaycan xalqının, cəmiyyətinin və Liderinin nə etməsidir. Hazırda isə müharibə dayanmır və məsələ diplomatik yolla həll olunmursa, hərbi yoldan istifadə iradəsi ortaya çıxır.
-Ayın 4 də Rusiya Prezidenti Vladimir Putin və Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğan arasında baş tutacaq görüşdə Cənubi Qafqazdakı vəziyyət və Azərbaycanla Ermənistan arasındakı məsələlərin də müzakirəsi gözlənilir. Bu müzakirələrin sülhə və proseslərə nə kimi təsiri ola bilər?
-Ümumiyyətlə bu görüş regionun və bütövlükdə Avrasiya geopolitikasının müəyyən olunmasında mühüm mərhələ ola bilər. Baş verən hadisələr isə görüşə indidən təsir edir. Fikir versəniz görərsiniz ki, görüş öncəsi hərbi gərginlik artıb. Hadisələrin bundan sonra necə inkişaf edəcəyi, həmin görüşün nəticələrindən də əhəmiyyətli şəkildə təsirlənəcək.