Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə yola düşüb. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd edək ki, Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçiyə uçub və görüşün yaxın saatlarda başlayacağı gözlənilir.
Görüşün sirlərini "Sherg.az"a açan türk siyasətçi və yazar Aydın Sezer bildirib ki, Türkiyə və Rusiya münasibətləri iyun ayından bu yana məsafəlidir:
"Bunun iki səbəbi var. Birincisi Zelenskinin səfəri zamanı Türkiyə "Azov" döyüşçülərini ona verdi. Əslində isə müharibənin sonuna qədər Türkiyədə qalmalı idi. İkinci məsələ isə Zelenskinin Türkiyə səfəri zamanı hərbi müqavilənin imzalanmasıdır. Yəni Türkiyənin Ukraynaya silah və sursat göndərməsinə Rusiyadan reaksiya gəldi. Kreml rəsmi açıqlamalarda bunun sonu təhlükəli olacaq deyir. Yəni üstü örtülü şəkildə Ankaranı təhdid edir. Bu hadisə ilə bağlı isə Qara dənizdə faktiki olaraq üç böyük hadisə baş verib. İlk iki məsələdə Rusiyaya gedən Türkiyə gəmiləri axtarıldı və anbarlarında partlayıcı maddə izləri aşkarlandı. Dolayısı ilə də Moskva Ankaraya xəbərdarlıq etdi. Çünki həmin gəmilər Rusiyadan öncə Ukraynaya getmişdi. Növbəti həftə isə yenidən türk gəmisi saxlanıldı və Rusiya tərəfi gəmidə axtarış apararaq şəkillərini çəkdi. Türkiyədən isə buna elə də ciddi reaksiya gəlmədi".
Analitik əlavə edib ki, Türkiyə və Rusiya arasında gərginliyə səbəb olan digər məsələ Qarabağdır:
"Xatırlayırsınızsa Ərdoğan son NATO zirvəsində "2025-ci ildə rus sülhməramlıları Qarabağdan çəkilməlidir" dedi. Eyni gündə də Mariya Zaxarova bildirdi ki, Türkiyə bu məsələnin tərəfi deyil və müqavilə Rusiya, Ermənistan, Azərbaycan arasında imzalanıb. Yəni açıq şəkildə kənardan müdaxilə etməyin dedi. O gündən sonra da Ankara və Moskva arasında soyuqluq yaşanır. Lakin Ərdoğanın seçki prosesində də ən böyük dəstək Putindən və oliqarxlardan gəlib. Hətta təbii qaz aldığı üçün Türkiyənin ödəməli olduğu ən az 12 milyard dollarlıq məbləğin ödənilməsi təxirə salındı. Ümumiyyətlə indiki vəziyyətdə Türkiyə və Rusiya biri-birindən asılıdırlar. Bu gün baş tutacaq görüşdə isə gərginliyə son qoyulması gözlənilir. Amma ortada da həll edilməyən məsələlər var. Ona görə də hansı məsələlərin müzakirəsindən çox görüşün baş tutması önəmlidir. Yəni bu iki ölkə arasındakı gərginliyin yumuşalması mənasına gəlir. Digər tərəfdən dünya mediası "taxıl sazişi" masaya yatırılacaq deyə düşünür. Lakin bu saziş Ankara və Moskva arasındakı bir məsələ deyil. Çünki Rusiyanın bəzi şərtləri var və bunu Amerika ilə Birləşmiş Millətlər Təşkilatı yerinə yetirməlidir. bu mənada Ərdoğan Qərbin yerinə danışa bilməz".