Fransa Prezidenti Emmanuel Makron yaxın günlərdə İrəvana səfər edə bilər. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
E.Makronun sentyabrın 10-da ölkəyə gələcəyi bildirilib. Qeyd olunub ki, Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidentini iyulun 14-də ölkəyə rəsmi səfərə dəvət edib.
Baş tutacaq səfəri "Sherg.az"a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov söyləyib ki, Ermənistan baş naziri Nikol Paşinyanın bir müddət öncə Fransaya getməsini nəzərə almaq lazımdır:
"Ümumiyyətlə biz Vətən müharibəsindən sonra Fransa Ermənistan münasibətlərində sürətli dinamikanı müşahidə edirik. Dərinləşdirilən münasibətlər isə sülhə xidmət etmir. Çünki səfərlər və əməkdaşlıq sülh naminə olsa, idi region üçün təhlükə gözlənilməzdi. Təəssüflər olsun ki, indiki məqamda Ermənistanın silahlandırılması prosesi gedir. İlk öncə Fransanın İrəvandakı səfirliyinə hərbi attaşe təyin olundu. Ardınca isə Hindistanda Fransanın patronajlığı ilə istehsal edilən silahların İran vasitəsilə Ermənistana ötürülməsinə dair qərar verildi. Bu gün isə, sözügedən hərbi əməkdaşlığın miqyası genişləndirilir. Artıq dövrüyyə 1 milyard dollara çatmaq üzrədir. Bu barədə də məlumatlar mediaya sızır".
Analitikin sözlərinə görə, Azərbaycan Ermənistanın silahlandırılması fonunda təhlükəsizlik seqmentinin gücləndirilməsinə diqqət ayırır:
"Lakin biz yeni müharibə istəmirik və sülh müqaviləsinin imzalanmasının tərəfdarıyıq. Burada isə Fransanın pozucu niyyətləri hiss olunmaqdadır. Rəsmi Paris İrəvanın hesabına Cənubi Qafqazda möhkəmlənmək istəyir. Yəni Afrikada və digər bölgədə itirilmiş maraqlarını bizim regionda bərpa etmək niyyətindədir. Hazırkı səfər çox destruktivdir. Bir az da ironik yanaşsaq bu səfəri "Böyük bacının, balaca bacı ilə görüşü" kimi dəyərləndirə bilərik".