Ermənistanda acınacaqlı vəziyyət: Avropaya köçürlər !

“Rəsmi statistikaya əsasən, 2018 və 2019-cu illərlə müqayisədə (koronavirus pandemiyasınadək) Şengen vizası almaq üçün müraciət edənlərin sayı 40-50 faiz artıb”.

“Report” xəbər verir ki, viza almaq növbəsi ilə bağlı “Joxovurd” qəzetində dərc olunan məqalədə bildirilib.
İnformasiyaya əsasən, Ermənistanda Avropa ölkələrinin səfirliklərinin binası qarşısında uzun növbələr yaranır.
Qəzetin yazdığına görə, vizanın verilməsində yaranan problemi Ermənistanın Xarici İşlər Nazirliyi 4-5 aydır həll edə bilmir. Nazirlikdən bildirilib ki, vizanın verilməsi “Vyana konvensiyasının konsulluq əlaqələri haqqında” sənədin 5-ci maddəsi ilə tənzimlənir: “Heç bir dövlətin Xarici İşlər Nazirliyi bu məsələyə müdaxilə edə bilməz. Səfirlik viza verərkən öz ölkələrinin qanunlarını əsas tuturlar”.

Məlumata görə, bu məsələ cari il martın 23-də Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ohanesyanın İrəvanda akkreditasiya olunmuş diplomatlarla görüşündə də müzakirə olunub.

Qəzet isə Avropa İttifaqı ölkələri səfirliklərinin binası qarşısında uzun növbələrin yarandığını və baş nazir Nikol Paşinyan hökumətinin bu problemi həll etməkdə aciz olduğunu israrla yazıb.

Mütəxəssislər bildirib ki, bu məsələnin həllində Ermənistan hökumətinin cəhdləri yersizdir. Əsas məsələ Ermənistanı tərk edən vətəndaşların sayının ildən-ilə çoxalmasıdır. Səfirliklərin binası qarşısında uzun növbələrin yaranmasının başlıca səbəbi də budur.
Hadisəyə münasibət bildirən politoloq Samir Hümbətov “Sherg.az”a bildirib ki, bir il ərzində Ermənistandan Avropaya axının 50 faiz artması ölkədəki ağır sosial-iqtisadi vəziyyətdən xəbər verir:

"Ümumiyyətlə Ermənistanda nə hərbi, nə də siyasi durum ürəkaçan deyil. Bunlar isə yaşayış üçün önəmli faktorlardır. Əgər bir ölkədən əhalinin axını çoxalırsa, bu o deməkdir ki, hansısa problemlər var. O baxımdan hesab edirəm ki, Ermənistandan bu qədər çox insanın köçməsi vəziyyətin nə qədər acınacaqlı olmasını göstərir. Yəni əhalinin ağır sosial-iqtisadi və vəziyyəti onları öz evlərini və yurdlarını tərk etməyə məcbur edir. Belə davam edərsə, hətta Ermənistan gələcəkdə ciddi miqrasiya problemi ilə üz-üzə qala bilər".