Rusiya da Ağdam-Xankəndi yolunu göstərdi - DÖNGƏLƏR DƏYİŞİR 

Zaxarovanın açıqlamasından aydın olur ki, sülhməramlılar humanitar yardımın çatdırılmasına maneçilik törətməyəcək


 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında keçirilən görüşdə Azərbaycan, Ermənistan arasındakı problemlər və Qarabağ məsələsi də müzakirə mövzusu olub. Bu barədə liderlərin özləri bəyanat veriblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova liderlərin görüşündən bir gun sonra keçirdiyi brifinqdə bildirib ki, Rusiya Ağdam-Xankəndi marşrutu ilə humanitar yüklərin maneəsiz şəkildə regiona çatdırılmasının tərəfdarıdır.

Onun sözlərinə görə, məlum məsələ Rusiya XİN-in Azərbaycan-Ermənistan normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin İrəvan səfərində ətraflı müzakirə olunub:
"Bu günlərdə o Bakıdadır. Onun azərbaycanlı tərəfdaşlarımızla müvafiq məsləhətləşmələri planlaşdırılıb. Biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin kompleks üçtərəfli razılaşmaları əsasında hərəkət edirik. Biz humanitar yardımın maneəsiz olaraq həm Laçın, həm də Ağdam marşrutu ilə regiona çatdırılmasının tərəfdarıyıq və məlum məsələnin lazımsız siyasiləşdirilməməsinə çağırırıq”.
Qeyd edək ki, Azərbaycan tərəfinin Xankəndində yaşayan erməni əsilli vətəndaşlara göndərdiyi humanitar yardımın 9 gündür Ağdam-Xankəndi yolunda dayanıb və onun çatdırılmasına imkan verilmir.

Ağdam-Xankəndi yolunun açılmasının gec-tez reallaşacağını deyən sabiq xarici işlər naziri Elmar Məmmədyarov "Sherg.az" vurğulayıb ki, Azərbaycan tərəfi hələ Brüsseldə bu yolun istifadəsini təklif etmişdi:

"Görüşdən sonra isə Şarl Mişel açıqlama verdi ki, bütün yolların istifadəsi vacibdir. Ümumiyyətlə mən ermənilərin humanitar problemi olduğuna inanmıram. Amma həqiqətən də belə bir vəziyyət varsa, Ağdam-Xankəndi yolundan istifadə etməlidirlər. Digər tərəfdən bəziləri Araik Areturyanın istefasını da bununla bağlayırlar. Bildirilir ki, Araik Ağdam-Xankəndi yolunun açılmasını istəyirdi və "daşnaklar" imkan vermədi. Mən də gülə-gülə soruşuram ki, Qarabağda "daşnaklardan" başqa erməni varmı?".

E.Məmmədyarovun sözlərinə görə, Zaxarovanın açıqlaması təbiidir:

"Yəni rəsmi Moskva qərar qəbul edə bilər ki, sülhməramlı qoşunlar humanitar yardımın çatdırılmasına maneçilik törətməyəcək və Ağdam-Xankəndi yolunun istifadəsini dəstəkləyir. İndi görək ermənilərin cavabı necə olacaq? Çünki mən belə başa düşürəm ki, Azərbaycanın göndərdiyi humanitar yardımı rus sülhməramlıları erməniləri çatdırmalıdır. Yəni Zaxarova söyləyir ki, rus sülhməramlıları yüklərin Ağdam-Xankəndi yolundan gətirilməsinə şərait yaratmağa hazırdır".