Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib.Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
Məlumatda general Soner Oruçoğlunun artıq hərbi attaşe kimi fəaliyyətə başladığı qeyd olunub. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı yeni hərbi attaşe ilə görüşüb, ona uğurlar arzulayıb. Tərəflər Türkiyə ilə Azərbaycan arasında hərbi və müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.
Vətən müharibəsindən bu yana Türkiyə ilə olan münasibətlərin bütün istiqamətlər üzrə inkişaf etdirilməsinin diqqət çəkən olduğunu deyən hərbi ekspert Alparslan İmamqulu "Sherg.az"a qeyd edib ki, iki ölkə arasında müdafiə sənayesi və hərbi sahədə bir sıra ciddi addımlar atılıb:
"Xüsusən də cənab Ali Baş Komandanın göstərişi ilə Azərbaycan ordusundakı dəyişikliklər diqqət çəkəndir. Bunlardan ən başlıcası da "Komando" birləşmələrinin yaradılmasıdır. Bu istiqamətdə baxsaq, Türkiyənin Azərbaycana təyin etdiyi yeni hərbi atteşe də, sonuncu dəfə "Komando" birləşməsinə rəhbərlik edib. Təbii ki, bu əhəmiyyətli bir nüansdır. Çünki Azərbaycan ordu quruculuğunda Türkiyə Silahlı Qüvvələrinin təcrübələrinin paylaşılması önəmli məsələlərdən biridir. Bu baxımdan düşünürəm ki, yeni hərbi atteşenin təyinatı Azərbaycan ordu quruculuğunun inkişafı baxımından da uğurlu olacaq".