Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan ordusunun Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlamasını şərh edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a bildirib ki, Ermənistanın Azərbaycana qarşı çoxvektorlu cinayətləri davam edir:
"Bu cinayət işlərinin davam etməsi nəticəsində mülki əhalimiz, polis əməkdaşlarımız və hərbçilərimiz şəhid olur. Təəssüflər olsun ki, bu günə qədər Xankəndində yaşayan erməniəsilli Azərbaycan vətandaşlarına siyasi manipulyasiya etmək məcburiyyətində qaldıqlarını hiss edən bəzi xarici dairələr var idi. Onlar Azərbaycana qarşı mina terroruna indiyə qədər səs çıxarmayıblar. Artıq 44 günlük vətən müharibəsindən sonrakı dövrdə mina terroru daha sistematik və dəhşətli vəziyyət alıb. Bir gecədə bu qədər Azərbaycan vətəndaşının Ermənistan təxribatına qurban getməsi bütün dünyanı narahat etməli olan məsələdir. Bir tərəfdən Azərbaycanın sülhpərvər mövqeyi var və dünyada yeganə presedentlərdən birini yaradır. Biz 30 il torpaqlarımızın işğalı dövründə Ermənistana hər zaman barış əli uzatmışıq. Müharibəni isə heç zaman əsas variant kimi nəzərdən keçirməmişik. Eyni zamanda müharibədən sonra belə onlara sülh ilə bağlı dəfələrlə çağırışlar etmişik. Azərbaycan Ermənistana 5 maddəli sülh təklifi göndərib. Lakin indiyə qədər qarşı tərəfdən Azərbaycanın göndərdiyi təkliflərə qarşı qeyri-səmimi münasibət göstərilib. Bu gün Ermənistan hakimiyyətinin Azərbaycan ərazilərində həyata keçirdiyi çoxvektorlu terror hadisələri əsla qəbul edilən məsələ deyil. Bütün bunlar bölgədə Nikol Paşinyan hakimiyyətinin növbəti dəfə müharibəyə hazırlaşdığını və vəziyyəti qəsdən gərginləşdirməyə çalışdığını göstərir. Şərti sərhədlərdə silahların susması, mina terroru ilə Azərbaycan vətəndaşlarının öldürülməsi, Ermənistanın etnik zəmində 21 əsrin qayda-qanunlarına uyğun gəlməyən neofaşist siyasəti dövlət ideologiyası səviyyəsinə gətirməsi bütün bölgəni təhdid edir. Bu da Ermənistanın layiqli cavab almasını zəruri edir".