Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin hüquqlarının qorunması vacib amildir.
Bunu İran Prezidenti İbrahim Rəisi sentyabrın 22-də keçirilən hərbi qüvvələrin paradında çıxışı zamanı deyib. “Qarabağ Azərbaycanın bir bölgəsidir, buna şübhə yoxdur. Lakin biz təkid edirik ki, ermənilərin hüquqları qorunmalı, sərhədlərin və ermənilərin vəziyyətinin dəyişməməsi prinsipinə hörmətlə yanaşılmalıdır”, - Rəisi bildirib.
İbrahim Rəisinin fikirlərinə münasibət bildirən millət vəkili Fazil Mustafa " Sherg.az"a söyləyib ki, İran tərəfindən bu tip açıqlamalar gələndə onların bir dəfə də olsun xəritəyə baxmadığını görürük:
"Həmçinin Azərbaycan dövlətinin işləmə prinsiplərini bilmirlər. Azərbaycan dünyəvi dövlətdir. İrandakı kimi din adı altında insanların hüquqları ölkəmizdə məhdudlaşmır. Azərbaycan öz ərazisində olan bütün xalqlara necə münasibət bəsləyirsə, ermənilərin də, hüquqları elə qorunacaq. İranın xatırlatmasına anlam vermək mümkün deyil. Sərhədin dəyişməsi söhbətini nə vaxt iddia olaraq qaldırmışıq? Ölkə Prezidenti İlham Əliyev İran, Rusiya, Ukrayna və Ermənistanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bildirib. Bundan açıq necə bəyanat ola bilər?! Azərbaycan öz ərazisindən işğalçı və terrorçuları çıxarmaq ilə məşğuldur. Başqa dövlətlərin ərazisi ilə işimiz yoxdur. İbrahim Rəisinin bu cür açıqlama verməsi yersizdir. Hesab edirəm ki, prinsiplərimizi özümüz müəyyən edə bilirik və bu məsələdə də doğru olanı edəcəyik. Burada ermənilərin hüquqları məsələsi bizim işimizdir. Yaxşı olar belə təklif edən insanlar İranda yaşayan azərbaycanlıların hüquqlarının genişlənməsi barədə düşünsün".