Bu gün Azərbaycanın Qarabağın 30 illik işğalına son qoyan İkinci Qarabağ müharibəsinin üçüncü ildönümüdür. Sherg.az türk mediasına istinadən xəbər verir ki, Ermənistan ordusunu 44 gündə məğlub edən Azərbaycan Qarabağda bir çox rayonları geri aldı. Demək olar ki, düz üç il sonra, bu dəfə 24 saatlıq əməliyyat bütün Qarabağı işğaldan azad etmək üçün kifayət etdi. Azərbaycan bu gün bir günlük əməliyyatda 192 əsgərinin şəhid olduğunu açıqlayıb.
Qarabağda silahlı erməni separatçılarının silahı yerə qoyaraq təslim olması, Azərbaycan hakimiyyəti altında yaşamaq istəməyənlərin Ermənistana köçməsi ilə yeni səhifə açılıb. Ermənistana gedən yollarda uzun avtomobil növbələri yaranıb.
Peyk görüntülərində Xankəndini tərk edib Ermənistana getmək istəyənlərin daha çox üstünlük verdiyi Laçın dəhlizində uzun avtomobil növbələri gözə dəyir.
“Bizə deyirdilər ki, Ermənistana gedək”
Azərbaycan hakimiyyəti ciddi şəxsiyyət yoxlamasından sonra bölgəni tərk etmək istəyən ermənilərə icazə verir. Fransanın AFP xəbər agentliyinə danışan azərbaycanlı rəsmi bildirib ki, bu yoxlamalar “müharibə cinayətində şübhəli bilinənləri” tapmaq üçün aparılıb; O, silahlarını təhvil verən ermənilərin əfv edilməsinin nəzərdə tutulduğunu, lakin “Qarabağ müharibələri zamanı cinayət törədənlərin onlara təhvil verilməli olduğunu” bildirib.
BBC-yə danışan Malina adlı qadın Azərbaycanın antiterror tədbiri zamanı ailəsi ilə birlikdə zirzəmidə gizləndiyini və atəşkəsdən sonra hamıya “təhlükəsizlik üçün Ermənistana getməyi” məsləhət gördüklərini bildirib.
Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyev bildirib ki, Bakı administrasiyası heç kimi Qarabağı tərk etməyə məcbur etməyib. Almaniyanın “Deutsche Welle” nəşrinə danışan Hacıyev qeyd edib ki, bölgəni tərk edənlər bunu öz qərarları ilə ediblər.
Çünki Azərbaycan atəşkəs elan olunandan dərhal sonra Qarabağın erməni sakinləri ilə ardıcıl görüşlər keçirib. Erməni icmasının liderləri ilə görüşlərin əsas mövzusu reinteqrasiya olub. Üstəlik, Bakı administrasiyası Qarabağ ermənilərini “bərabər vətəndaş” kimi görür və amnistiya qanunu da gündəmdədir.
Çöldə Azərbaycan təhlükəsizlik qüvvələrinin Ermənistana gedən ailələrə təklif etdiyi yeməklərin videosu böyük əks-səda doğurub. Xankəndi-Şuşa yolunda erməni mülki şəxslərin təklif olunan çörək və peçenyələri götürdüyü görüntülənib. Azərbaycan prezidentinin müşaviri Hacıyev də sadə vətəndaşların “türk çörəyindən” imtina etmədiyi mesajı ilə görüntü paylaşıb, Qarabağı tərk edən radikalların və millətçilərin əks istiqamətdə təbliğat apardıqları bildirilib.
Çərşənbə axşamı Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş keçirilib. Oktyabrın 5-də İspaniyada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın da görüşü planlaşdırılır.
Digər tərəfdən, Xankəndi yaxınlığındakı yanacaq anbarında baş verən partlayışda azı 125 nəfər həlak olub. Həyatını itirənlərin kimliyini müəyyən etmək üçün vaxt lazımdır. Ermənistan rəsmilərinin verdiyi məlumata görə, 300 yaralıdan bəzilərinin vəziyyəti ağırdır.
Azərbaycan yanğını söndürmək üçün Xankəndinə yanğınsöndürmə briqadaları göndərib.