8 Noyabr yeni Azərbaycan tarixinin ən şanlı günlərindən biridir. 44 günlük savaşda Ali Baş komandanın rəhbərliyi ilə Azərbaycn ordusu işğalda olan torpaqları azad etdi. Bütün dünyaya sübut etdi ki, BMT-nin qətnamələri hüquqi yol ilə icra olunmursa, hər bir dövlətin hüququdur ki, öz ərazi bütövlüyünü bərpa etsin.
İnternet-media eksperti Səbuhi Abbasov da “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycan dünyaya ləyaqətli müharibə örnəyini göstərdi:
“Əsgərlərimiz mərdlik nümayiş etdirdi. "Dəmir yumruq" dünya tarixinə qara ləkə olan erməni terrorizminə başını elə əzdi ki, onların bir daha başlarını qaldırmaqları imkansızdır. Azərbaycan 44 günlük savaşda həmçinin media platformasında mübarizə apardı. Bu da Azərbaycan üçün bir ilk idi. Prezident İlham Əliyevin əmri ilə antiterror əməliyyatları zamanı Qarabağdakı bütün terrorçuları məhv edərək, suverenliyimizi bərpa etdik. İlk dəfə olaraq Zəfər Günü 2023-cü ildə dünya birliyinin də tanıdığı sərhədlər çərçivəsində qeyd edilir.
Zəfər Günü ilə bağlı sosial şəbəkələrdə dünəndən bəri paylaşımları izləyirik. Feysbuk, instaqram sosial şəbəkələrində paylaşımlar ilk sıralarda qərarlaşır. Azərbaycana dost olan ölkələr bayram münasibəti ilə dövlət başçısına təbriklər ünvanladılar, xalqımızı təbrik etdilər.
Öncəki illərdə Zəfər bayramı ilə əlaqədar düşmən tərəfi kiber təxribatlar törədirdi. Bu il təxribatlar olmadı. Artıq düşmən məğlub olduğunun, əzildiyinin fərqindədir. Ancaq arxayın olmaq olmaz. Sosial və internet-mediada Zəfər Günü və digər unudulmaz tarixlərlə bağlı paylaşımları daha intensiv etməliyik. Bu paylaşımlar təkcə Azərbaycan dilində deyil, Rus, İngilis dillərində də mütəmadi paylaşılsın. Belə olduğu halda Azərbaycanı daha yaxşı tanımayan, münaqişənin tarixini belə bilməyən digər xalqlar da həmin günün əhəmiyyəti haqqında bilgi əldə etmiş olacaqlar.Həmçinin Zəfər Günü xalqımızın birlik günüdür. Sosial media vasitəsi ilə mövqeyindən, statusundan, siyasi baxışlarından asılı olmayaraq hər kəs Ali baş komandanı və Azərbaycan xalqını təbrik etdi. Milli maraqlar olduğu yerdə heç bir siyasi ayrı-seçkilik , fərqlilikdən söhbət gedə bilməz".