"Üçrəngli bayrağımız Azərbaycanın suverenliyinin göstəricilərindən biridir. Bəzən bayraqdakı rənglər və onların düzülüşü ilə bağlı yalnış mülahizələr irəli sürülür”
Bunu "sherg.az"a açıqlamasında tarixçi-alim Boran Əziz deyib.
Tarixçi-alim bildirib ki, bayrağımızdakı rənglər heç də çoxmənalılığı əks etdirmir:
“Mavi rəng türkçülüyü deyil, türk mədəniyyətinə məxsusluğumuzu göstərir. Bu əslində Oğuz xanın 6 övladından biri olan Göy xanın adı ilə bağlıdır. Göy rəng ilk dəfə Hülaki dövlətinin dövründə bayraq formasında qəbul edilmişdir. Ona görə də bu rəng böyük, əzəmətli bir millətin nümayəndəsi olduğumuzun işarəsidir. Bəziləri müasirliyi onu Avropa geyimləri geyimməklə görürlər, ancaq bu yalnış düşüncədir. Müasirlik Avropa elminə, texnikasına sahib olmaqla, insan haqları və demokratiyanı mənimsəmək və ona uyğun hərəkət etməyi nəzərdə tutur. Azərbaycan çoxmillətli bir dövlətdir. Burada müsəlmanlardan başqa qeyri-dinə sahib olan millətlər də yaşayır. Onları qətiyyən zorla islamlaşdırmaq fikirində deyilik. Ona görə də, yaşıl rəng imanlı, insaflı bir islam mədəniyyətinə malik olduğumuzu bildirir. Onların düzülüşü də çox maraqlıdır. Çox təəssüflər olsun ki, vətandaşlarımız bayrağın bu cür sıralanmasının mənasını bilmirlər. Qırmızı rəngin, yəni demokratiya və insan haqlarının ortada olması bir növ balanslı funksiyanı yerinə yetirir. Eyni zamanda qloballaşma çox genişlənib. Qloballaşmanın ən böyük təhlükələrindən biri insanların öz milli -mənəvi dəyərlərindən uzaqlaşdırılması təhlükəsidir. Türk mədəniyyətinə malik olmağımız və islam dini amili həmin təhlükənin aradan qaldırılmasında mühüm rol oynayır. Bayraqdakı rənglərin bu şəkildə düzülməsi mühüm əhəmiyyətə malikdir. Bayraq Gününün qeyd edilməsi, insanların mənəvi dünyasının bir parçasına çevrilməsi doğru addımdır. Azərbaycan vətəndaşı olaraq eyvanlardan, qapılardan bayraqların asıldığını görmək dövlətin apardığı siyasətin doğru olduğunu bir daha sübut edir"