Dövlət inflyasiyanın sabitləşməsi ilə əlaqədar tədbirlər görüb
Azərbaycan hökumətinin həyata keçirdiyi anti-inflyasiya tədbirləri qiymət artımının tədricən yavaşlamasına imkan verib. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. "Paralel olaraq qlobal ərzaq bazarlarında qiymətlərin azalmağa, ticarət tərəfdaşımız olan ölkələrdə inflyasiyanın səngiməyə başlaması ilə 2023-cü ilin 9 ayında illik inflyasiya 10,9 % təşkil edib", - deyə o qeyd edib.
"Neft və qazın dünya bazar qiymətlərinin ötən illə müqayisədə aşağı düşməsinə baxmayaraq, xarici ticarət balansında böyük profisit müşahidə olunur", - deyə nazir həmçinin vurğulayıb.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, ötən illə müqayisədə qiymət artımının səngiməsi müşahidə edilir:
"Rəsmi məlumatlara görə bəzi sahələr əsasən də daşınmaz əmlak üzrə inflyasiyanın tempi sabitləşib. Sözsüz ki, az formada bahalaşma yaranıb. Real inflyasiya ərzaq məsullarında 10-15 faiz təşkil edir. Bəzi sahələrdə azalmalar müşahidə olunur. Buna misal olaraq tikinti materialları sektorunu göstərə bilərik. Hətta unun, şəkər tozunun qiymətinin aşağı düşdüyünü gördük. Mövsümlə əlaqədar bəzi meyvə-tərəvəzlərdə qiymət endirimi mövcuddur. Bu qəbildən düşünürəm ki, dövlət inflyasiyanın sabitləşməsi ilə əlaqədar tədbirlər görüb. Bu əsasən idxal prossesinin daha da genişləndirilməsi, monopoliyalarla mübarizənin aparılmasında şahid olunur. Digər tərəfdən Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin artırılması siyasəti həyata keçirilir ki, bu da pul-kredit siyasətinin daha sərtləşməsi prossesini başlatmışdır. Bu baxımdan aparılan tədbirlər planı tam bahalaşmanı aradan qaldırmasa da müəyyən effektləri olmuşdur. Dünyada qlobal bahalaşmanın səngiməsini də nəzərə almaq lazımdır. Hesab edirəm ki,inflyasiyanı tam cilovlamaq mümkün deyil. Lakin qiymət artımının aşağı templə həyata keçirilməsinə görə tədbirlər planı müəyyən effektlər verməkdədir".