Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “COLD Fest” festivalı həyata keçirilib.
"Sherg.az" xəbər verir ki, festival 10,000-dən çox tələbə gəncin iştirakı ilə ATGTİ-nin 14 yaşına həsr olunub.
Festivalın əsas məqsədi ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrini bir araya toplamaq, aralıq imtahanlardan sonra asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, onlar üçün stressdən kənar mühit formalaşdırmaq və şəbəkələşmə imkanı yaratmaq olub.
Festivalı açılış nitqi ilə ATGTİ-nin sədri Pərviz Mirələmli açıq elan etmiş, Dövlət gənclər siyasəti, tələbələr üçün yaradılan imkanlardan bəhs etmiş, daha sonra Ulu Öndər Heydər Əliyev haqqında “Azərbaycan Tələbələri Sizə Minnətdardır” şüarı ilə Ümummilli Liderdən bizə miras qalan gənclər siyasəti və Cənab Prezidentin davamlı uğurlu siyasəti gənclər üçün ən böyük stimul mənbəyi olmasını qeyd edərək çıxışını yekunlaşdırıb. Daha sonra Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev çıxış edərək festivalın gənclərin asudə zamanlarını dəyərləndirməsi üçün fürsət olduğunu bildirib və bu tip tədbirlərin davamlı olmasının əhəmiyyətindən bəhs ediblər.
Festivalın rəsmi hissəsi yekunlaşdıqdan sonra bədii hissəsi başlayaraq müxtəlif rəqs kompozisiyaları, müğənnilərin və dj musiqilərinin səsləndirilməsi ilə davam edib.Tələbələr üçün müxtəlif viktorinalar, yarışlar keçirilib və qalib gələn tələbələrə dəyərli hədiyyələr verilib. Daha sonra İttifaq tərəfindən elan olunan yeni TGT brendinqi olan loqotipə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti(Zaqatala Filialı), Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Universiteti, 2 Nömrəli Bakı Baza Tibb Kolleci, Bakı Slavyan Universiteti, Milli Aviasiya Akademiyası, Naxçıvan Müllimlər İnstitutu, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Mingəçevir Dövlət Universiteti keçid edib. Sonda ATGTİ-nin komandası tələbələrə öz təşəkkürlərini bildirərək, ATGTİ-nin 14 yaşına həsr olunmuş videoçarxı nümayiş ediblər.
Qeyd edək ki, festival Gənclər Fondunun, Ağ Şəhər Bazar Meydanının dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə baş tutub.