Professordan deputata cavab: Vergülləri azaldıb çoxaltmaqdan söhbət gedə bilməz

"Azərbaycan xalqı vergül qoymaqdan ötrü ölür".                                                                        
Bunu Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin saytlardakı xətalarla bağlı keçirilən tədbirdə deyib.
 "Harada "ki" gördülər, vəssalam, vergül qoyurlar. Yerli-yersiz harada və necə gəldi durğu işarələrindən istifadə etmək olmaz. Düşünürəm, durğu işarələrinin azaldılmasına ehtiyac var", - akademik əlavə edib.                       

Məsələyə münasibət bildirən  BDU-nun "Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri  Qulu Məhərrəmli “Sherg.az”a vurğulayıb ki, vergülləri azaldıb çoxaltmaqdan söhbət belə gedə bilməz: 

"Çünki durğu işarələrininin hər birinin öz mənası var. Fikirin bitməsini, pauzanı bildirən,həmcinslər arasında işlənən vergüllər var. Ona görə də bunların harada  qoyulub-qoyulmaması ilə bağlı dəqiq qaydalar qoyulmalıdır. Bununla bağlı araşdırmalar, təkliflər mövcuddur.  Kefi istədikdə vergülü qoyub qoymamaq dilə qarşı olan hörmətsizlik, bilgisizlik,cümlədə fikrin çatdırılmasına mane  olacaq bir nüansdır. Bu mövzuda həqiqət ondan ibarətdir ki, qəzet və saytlarda harda gəldi vergül qoyulur. Əlbəttə ki, bu Azərbaycan dilinin qrammatikasına ziddir. Bu məsələlər dəqiq qaydalar əsasında müəyyənləşdirilməlidir".