Böyük Britaniya və kontinental Avropa ölkələri Ukraynadakı münaqişəni ən azı 2025-ci ilə qədər uzatmaq istəyir. Bu, özünün müdafiə sənayesini yenidən işə salmaq və Amerika Birləşmiş Ştatlarının mövqeyindən asılı olmayaraq, Kiyevə yardım göstərə bilmək üçün lazımdır”.
Bu barədə “The Times” qəzeti öz mənbəsinə istinadən yazır.
Bildirilib ki, Britaniya hərbi kəşfiyyatı Rusiya və ya Ukraynanın 2024-cü ildə münaqişədə ciddi şəkildə dönüş edə biləcəyini gözləmir. Vurğulanıb ki, qarşıdan gələn il “böyük əməliyyat uğurları gətirməyəcək”.
Qeyd olunub ki, “Ukraynadakı münaqişənin taleyi ABŞ prezident seçkilərinin nəticəsindən asılı olmasın” deyə, Avropa ölkələri müdafiə sektorunda istehsal potensialını artırmağa hazırlaşır.
Nəşr yazır ki, hələlik Böyük Britaniya Kiyevə heç nə təklif edə bilməz, çünki onun silah ehtiyatları tükənib və buna görə də London Ukraynaya hərbi yardım göstərmək xahişi ilə Berlinə müraciət edib. Böyük Britaniya digər ölkələrlə də silah tədarükü ilə bağlı danışıqlar aparır.
Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Elmir Səftərov bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski də etiraf edir ki, onların son hücumları o qədər də uğurlu olmayıb:
"Rusiya hələ də Ukraynanın təxminən 18 faizinə nəzarət edir. Bu səbəbdən də Ukraynada müharibənin bitməsi qeyri-müəyyən olaraq qalır. Ukraynanın qış hücumu effektsiz görünsə belə, Rusiyanın də ciddi irəliləyiş etdiyini demək olmaz. Müqayisə etsək, keçən ilə nisbətən Vladimir Putin hərbi və siyasi baxımdan heç də zəifləməyib. Qərbin 2022-ci ildən güclü şəkildə verdiyi dəstək müəyyən tərəddüdlərə, axsamalara baxmayaraq, davam edir. Bu tərəddüdlər isə Rusiyanı cəsarətləndirib. Buna rəvac verən digər bir məsələ isə döyüşlərin Moskvanın ərazisində getməməsidir".
Ekspert onu da qeyd edib ki, bütün hallara baxmayaraq, Ukrayna istədiyi kimi olmasa da, müəyyən yardım və dəstəklər alacaq:
"Avropa İttifaqının mövqelərinin Moldova və Ukraynada zəifləməsi, Brüsseldə və Vaşinqtonda siyasətin tam tərsinə çevrilməsi mümkün deyil. Digər bir məsələ isə Rusiya və Ukrayna probleminin hazırkı mürəkkəb geosiyasi zamanda müharibə ilə hər hansı həlli az ehtimal olunur. Qüvvələr balasının ciddi şəkildə fərq yaratmaması isə qarşılıqlı kompromisə getməkdən başqa yol qoymur.
Amma hələlik hər iki tərəf bundan imtina etməyə davam edir. Təbii ki, məsələdə Ukrayna tək qərar vermir. Demək ki, müharibənin davam etməsi bəzi Qərb dairələrinin maraq dairəsindədir.
Düşünürəm ki, cari il ərzində savaşlar müəyyən müqavilələrlə dayandırıla bilər. Amma bu müharibənin taleyini Ukrayna və Rusiyadan daha çox Avropa və ABŞ qərargahından verilən qərarlar müəyyən edəcək".