Ərdoğan yenidən taxıl dəhlizinin açılmasını istəyirsə, bu mövzudakı həmsöhbəti BMT və Amerika dövlətidir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə Türkiyənin Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər başda Rusiya-Ukrayna müharibəsi olmaqla regional və qlobal məsələləri müzakirə ediblər.
Danışıq zamanı Türkiyənin dövlət başçısı bildirib ki, “Türkiyə həm Ukraynada, həm də Fələstin torpaqlarında axan qanların dayandırılması və daimi sülhün təmin olunması üçün gərgin səylər göstərir”. Türkiyə liderinin sözlərinə görə, Türkiyə Ukraynada sülhün təmin olunması üçün vasitəçi rolunu öz üzərinə götürməyə və sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır.
Taxıl dəhlizinin yenidən qurulmasının və fəaliyyətə başlamasının vacib olduğunu və bu məqsədlə diplomatik təmasları davam etdirdiyini deyən Ərdoğan Ukraynada ən qısa zamanda atəşkəsin yaradılması və “sülh üçün qapı açılmasının” lazım olduğunu vurğulayıb.
İki ölkə Prezidenti arasında olan telefon danışığını "Sherg.az"a dəyərləndirən türk siyasətçi və yazar Aydın Sezer bildirib ki, burada diqqət yetirməli iki xüsusi məqam var:
" Birincisi Rəcəb Tayyib Ərdoğan Ukrayna və Fələstində barışa gedən yolda səy göstərdiyini deyərkən, eyni zamanda Zelenskiyə də Rusiya ilə barış masasına oturmağı təklif edir. Hətta bu mövzuda Zelenskiyi cəsarətləndirir və lazım olarsa Türkiyənin dövrədə olduğunu xatırladır. Dünənki telefon danışığının əsas məqsədi Ukraynada barışın başlaması istiqamətində Türkiyənin ortaya qoyduğu yoldur. Amma bu məsələdə Qərbin Zelenski üzərində təzyiqi önəmli olacaq. Eyni zamanda Zelenskinın çıxardığı bir qanun var. Həmin qanuna görə Vladimir Putin hakimiyyətdə olduğu müddət ərzində Rusiya ilə barışın olmasını qadağan etmişdi".
Ekspert həmçinin, vurğulayıb ki, digər tərəfdən telefon danışığı zamanı taxıl dəhlizi müzakirə olunan əsas məsələdir:
"Bu mövzu ilə bağlı Türkiyə və xaricdə yanlış anlaşılmalar var. Taxıl koridorunun əsas anlaşması Rusiya və Birləşmiş Millətlər Təşkilatı arasında imzalanıb. Bu Rusiya taxıl və gübrəsinin satışı ilə əlaqəli idi. Qərb, BMT və Amerika həmin anlaşmanın şərtlərini yerinə yetirmədiyinə görə Rusiya mövzudan geri çəkildi. Taxıl koridoru razılaşması BMT ilə birgə olduğuna görə Türkiyənin Ukrayna və Rusiya ilə olan anlaşması ikinci plana düşürdü. Rəcəb Tayyib Ərdoğan yenidən taxıl dəhlizinin açılmasını istəyirsə, bu mövzudakı həmsöhbəti BMT və Amerika dövlətidir. Çünki Rusiyanın bu məsələdəki şərtləri ağırdır. Eyni zamanda Zelenski taxıl dəhlizinə əvvəldən qarşı olmayıb. Eyni zamanda Amerika xarici işlər naziri Blinken gün Türkiyədə səfərdədir və Ərdoğan ilə görüşməsi də gözlənilir. Zelenski ilə aparılan danışıqlar mövzusu həmçinin, Blinkenlə də müzakirə olunacaq. Türkiyə zaman-zaman Qərb və Amerika tərəfindən Ukrayna müharibəsində Rusiyanın yanında olması ilə ittiham edilir. Türkiyə Prezidenti Zelenski ilə telefon danışığı həyata keçirməklə bu mövzuda tərəfsiz olduğunu göstərdi".