Prezidentliyə namizədlərdən Razi Nurullayev debatlarda bir sıra təkliflər irəli sürüb.Belə ki, təkliflərdən biri virtual Turan universitetinin yaradılması ilə bağlıdır. Bəs təhsil ekspertləri bu təklifi necə dəyərləndirirlər? İndiki şəraitdə bu mümkündürmü?
Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a bildirib ki, Ali Qanunverici orqanda oturan şəxs distant formada təhsilin tanınmadığını hələ də bilmir:
"Halbuki, təhsil haqqında qanunvericilikdə əyani, qiyabi və distant təhsil mövcuddur. Ancaq distant forma tanınmır. Bu halda hansı əsasla universitet yaradaraq diplomu tanıya bilərik? Ona görə də bu fikirlər pafosdan və cəfəngiyatdan başqa bir şey deyil. Onsuz da Türk Dövlətləri Təşkilatı bu istiqamətdə müəyyən işlər görürlər. Ola bilsin ki, qarşıdakı dövr ərzində vahid bir universitet yaradılsın. Bunun da virtual deyil, real şəkildə təşkil olunacağı gözlənilir. Məsləhət görərdim ki, prezidentliyə namizəd olan şəxs bu cür ideyalardansa, əhalinin dolanışıq səviyyəsinin, eyni zamanda tələbələrin yataqxana təminatının yaxşılaşdırılması ilə bağlı təkliflərlə çıxış etsin. Onu da qeyd edim ki, tələbələrimiz yataqxana qıtlığı ucbatından illərdir əziyyət çəkirlər. Yəni, ən azında özəl sahibkarlıqla məşğul olan, yataqxana yaratmaq istəyənlərə dəstək olunsun. Yaxud da dövlət tərəfindən müəyyən ərazilərdə yataqxanalar tikilsin. Tələbələrə kart verilsin ki, bunun vasitəsi ilə onlar müvafiq nəqliyyat vasitələrindən pulsuz istifadə edə bilsinlər. Həmçinin alimlərimizin əməkhaqqının artımı ilə bağlı mövzu da gündəmə gətirilsin".