Azərbaycanda alternativ hərbi xidmət real görünmür - Ekspert

Ermənistanın bu sistemdən istifadə etməsinin səbəbi hamıya bəllidir
 
Ölkəmizdə hərbi xidmətdən keçmə qaydalarına dəyişiklik edilə bilər. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.
Deputat bildirib ki, hərbi xidmətə çağırışla bağlı bir sıra müddətlər qardaş Türkiyədə tətbiq edilir: 

“Bizdə də buna gedilə bilər. Bizdə hərbi xidmət 1 il 6 ay, ali təhsillilər üçün 1 il müəyyən edilib. Təklifim ölkəmizdə hərbi xidmətdən keçmənin klassifikasiyasının tətbiq imkanları barədədir. Bu, bir sıra dünya ölkələrində, həmçinin qardaş və strateji müttəfiqimiz olan ölkə, yəni Türkiyənin təcürbəsində də həyata keçirilir. Bildiyiniz kimi, hərbi xidmətə çağırışla bağlı bir sıra modellər istifadə olunur. Tam müddət hərbi xidməti saxlamaqla aşağı qradasiyalar müəyyən oluna bilər ki, buna uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. Əgər tutaq ki, hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2, yaxud 6 ay müddətində keçmək olar”. 
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə deyib ki, bəzi ölkələrdə alternativ və qarışıq hərbi xidmət növləri var. Deputat bildirib ki, bizdə pul müqabilində az müddətə hərbi xidmətə getmək hələ tətbiq olunmur:
“Türkiyədə, bu yaxınlarda Ermənistanda da artıq bu tətbiq olunur. Bizim üçün ən düzgün hərbi xidmət alternativ, müqavilə əsasında olan hərbi xidmətdir. Bu, həm də iş yeridir”.
Bəs,  Azərbaycanda hərbi xidmətdə bu modelin tətbiq olunmasına ehtiyac var?

Məsələyə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev "Sherg.az"a bildirib ki, bu istiqamətdə qanunun qəbul edilməsi real görünmür:

"Daha əvvəllər də bununla bağlı təkliflər və müzakirələr olunub. Ancaq sonradan bunların heç biri qanun şəklində təsdiqini tapmadı. Ermənistanın bu sistemdən istifadə etməsinin səbəbi hamıya bəllidir. Ona görə ki, onlar dövlət büdcəsini doldurmaq üçün hər cürə addımlar atırlar. Ancaq bizim ölkənin belə bir vəsaitə ehtiyacı yoxdur. Digər tərəfdən Ermənistanda faktiki olaraq, hərbi xidmətdən yayınan və ölkə hüdudlarından kənarda olan minlərlə çağırışçılar var.  Ermənistan onların ölkəyə qayıdışını təmin etmək və büdcəyə vəsait cəlb etmək üçün bu vasitədən istifadə edir. Bir sözlə, hələlik ölkədə ödəniş qarşılığı çağırışçının hərbi xidmətdən azad edilməsi real deyil deyil".