Qadınların səbri çox sınanır: Azərbaycan kişilərinin 70 faizi qadınına  diqqət, qayğı göstərmir

Hacıqabul sakini itkin düşüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul rayon sakini, 1990-cı il təvəllüdlü Aygül Əzizağa qızı Soltanova yanvarın 13-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. 

“Aygüllə münasibətlərimizdə ciddi bir problem olmayıb”.  Bunu Oxu.Az-a açıqlamasında itkin düşən Hacıqabul rayon sakini Aygül Soltanovanın həyat yoldaşı Rövşən Soltanov deyib. Onun sözlərinə görə, ciddi mübahisələri olmayıb:
“Söz-söhbətsiz ailə olmur. Amma elə ciddi bir problemimiz olmayıb. Yanvarın 12-də Aygülün ad günü idi deyə məndən hədiyyə istəmişdi. Dedim ki, maaşı ayın 15-i alacağam. Cavabım xoşuna gəlmədi və hirslə: “Sən indi sabah məni evdə taparsan”, - dedi. Fikir vermədim. Düşündüm ki, qadındır, əsəbiləşib. Ayın 13-ü səhər saat yeddidə işə getmişəm, uşağın dediyinə görə, mənim ardımca da paltarlarını yığıb o çıxıb gedib. Bu günə kimi heç bir xəbər ala bilmirik”. Rövşən Soltanov qeyd edib ki, bu, həyat yoldaşının acıq edərək, evdən birinci gedişi deyil. Bundan əvvəl həm Hacıqabuldakı qohumlarından birigilə, həm də Bakının Digah kəndində yaşayan qardaşıgilə gedib.

Maraqlıdır, indiki dövrdə insanlar niyə hər kiçik problemə görə evdən qaçmağa meyl edirlər?  

Hadisəyə münasibət bildirən psixoloq-konsultant Zeynəb Əyyubova “Sherg.az”a söyləyib ki,  çox ehtimal, qadının problemləri olub:

"Əgər bir xanım neçə illik ailəlidirsə və normal psixologiyaya sahibdirsə, bir hədiyyəyə görə evdən qaçmaz. Ona görə də məsələni araşdırmaq lazımdır və ondan sonra fikir bildirmək daha doğru olar. İndiki dövrdə Azərbaycan qadınına kişilərin 70 faizi diqqət, qayğı göstərmir. Ancaq qadınların hövsələli olmasını gözləyirlər. Günümüzdə qadınların səbri çox sınanır desək, yanılmarıq. Bu zaman da onlar səhv yola əl atırlar. Təbii ki, bu davranışa bəraət qazandırmaq qeyri-mümkündür. Bir insanı istəmirsənsə, bunu qarşı tərəfə normal çatdırmalısan. Bəhanələr gətirmək yersizdir. Sonda mədəni formada ayrılmaq daha məqsədəuyğundur".