Ana-ata öldü, uşaqdan hələ də xəbər yoxdur

Sirr çözülməyib

  İspan ailənin illər öncə keçirdikləri avtomobil qəzasının sirri hələ də çözülməyib. Qəza zamanı “Volvo” markalı, qırmızı rəngli yük maşınının sürücüsü, ailə başçısı Andres Martinez Navarro və həyat yoldaşı həlak olub. Onlarla birlikdə maşında olan 9 yaşlı övladları Juan Pedro Martinez barədə isə illər keçsə də, heç bir xəbər yoxdur. Onun nə ölüsü tapılıb, nə dirisi. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən 1986-cı ilin 25 iyununda qəzanın necə baş verdiyini anladır. Məktəblər bağlandıqda 9 yaşlı Juan valideynlərini tədris ilində aldığı əla qiymətlərlə sevindirib. Qiymət kitabçasını atasına təqdim etdikdə, atası ondan çox razı qalıb və oğlunu mükafatlandırmağı düşünüb. Juanın səyahətə meyilli olduğunu bildiyindən birlikdə səfərə çıxmaq qərarı verib. Yük maşını sürücüsü olan Andres Martinez Navarro İspaniyanın cənub-şərqindəki Los-Canovas qəsəbəsindən avtomobilinə yüklənən 20 min litrdən artıq asit maddəsini ölkənin şimalındakı Bilbao şəhərinə aparmalı olub. Bu uzun səfərə ailəsini də özüylə aparıb, işini yerinə yetirməklə yanaşı həm də gəzməyi, səyahət etməyi, Bilbaoda çimərliyə gedib dincəlməyi planlaşdırıblar. Lakin onlar Bilbaoya çatmayıblar. Andresin idarə etdiyi yük avtomobili Madrid yaxınlığında qəzaya uğrayıb. İdarəetmədən çıxan avtomobil yolda iki avtomobilə çırpılaraq aşıb. Qəzada ata və ana həlak olublar. 9 yaşlı Juanla bağlı isə heç bir iz tapılmayıb. Ərazidə, yaxın ətrafda axtarışlar aparılıb, lakin uşaqdan bir əsər-əlamət tapılmayıb. Bu, hadisə haqqında müxtəlif mülahizə və şayiələrin ortaya çıxmasına səbəb olub. Mülahizələrdən biri qəza zamanı yandırıcı asit maddəsinin uşağın üzərinə tökülə biləcəyi və onu yandıra biləcəyi ilə bağlı idi. Lakin xilasedicilərin hadisə yerinə qısa zamanda yetişməsi bu versiyanı rədd edirdi. Digər mülahizə isə avtomobildə asitlə yanaşı narkotik maddələrin də daşınma ehtimalı idi. Ehtimal edilirdi ki, Navarro narkotik maddə ticarətçiləri tərəfindən təhdid edilib və ondan daşıyıcı olmaq tələb edilib. Tədqiqat zamanı yük avtomobilində narkotik maddə daşındığı təsdiqlənib. Bu da Juan Pedronun ortadan yox olmasıyla bağlı yeni mülahizəyə səbəb olub. Belə zənn edilir ki, Pedro atasının idarə etdiyi avtomobildə olmayıb. Mafiya üzvləri onu öz maşınlarında əyləşdiriblər. Navarro narkotik maddəni ünvanına təslim etdikdən sonra uşağı azad etməyi düşünüblər. Mafiya üzvləri Navarronu yol boyu təqib edib, qəza baş verdikdə isə sakitcə aradan çıxıblar. Juan Pedronu da özləriylə aparıblar. Ata Navarro isə övladının mafiyanın əlində olduğunu bildiyindən stressli olub və buna görə də idarəetməni itirib. Qəza yerinə yaxın məsafədə olan şahidlər də yaxınlıqda ağ rəngli minibusun olduğunu söyləyiblər. Şahidlərin dediyinə görə, qəza baş verdikdən sonra 2 nəfər ağ mini-busdan enərək avtomobilə yaxınlaşıb və oradan paket götürərək tez də uzaqlaşıblar. Uşağın axtarışlarına İnterpol qoşulub. Lakin o, tapılmayıb. 9 yaşlı uşağın yox olması XX əsrin ən sirli itkisi hesab edilir.