- İdeoloji gündəmimizi dəyişdirmək istəyən qüvvələr var. Artıq cavab verən tərəf olmamalıyıq
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı müasir ideoloji işin qurulması, şablon yanaşmalardan və formal tədbirlərdən imtina edilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı bildirib ki, Azərbaycanın üstünlüyü bəzi ölkələrdən fərqli olaraq özünə əfsanə yaratmağa ehtiyac duymamasıdır.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Sherg.az-a bildirib ki, Prezident İlham Əliyev çıxışında çox vacib məsələlərə toxunaraq keçirilən tədbirlərin xarakter və mahiyyət etibarilə şablon olmamasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, müasir ideoloji iş günün tələblərinə uyğun qurulmalı, formal və şablon tədbirlərdən imtina edilməlidir:
“Bu gün dünyada ideyalar və düşüncələr müharibəsi gedir və baş verən proseslər də bunu açıq şəkildə göstərir. Bu baxımdan tədbirlər formal və şablon xarakter daşımamalı, düzgün və sağlam istiqamətdə təşkil olunmalıdır. Əsas hədəf və məqsəd aydın şəkildə müəyyənləşdirilməlidir. Çünki bu gün xüsusilə gənclər müxtəlif təsirlərə, o cümlədən kənar ideoloji təsirlərə məruz qalırlar. Ona görə də ideoloji iş müasir çağırışlara uyğun, doğru və sağlam istiqamətdə qurulmalıdır”.
Milli məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Məmmədov Sherg.az-a Prezidentin ideoloji işin şablon və formal yanaşmalardan çıxarılması çağırışının yeni mərhələdə siyasi sistem və milli düşüncə platforması qarşısında mühüm vəzifə qoyduğunu bildirib:
“Azərbaycan Prezidentinin Yeni Azərbaycan Partiyasının 8-ci qurultayında ayrıca bir mövzu kimi ölkəmizdə ideoloji işin təşkil olunmasından və onun formal, şablon formatdan çıxarılması zərurətindən danışdı. Düşünürəm ki, bu, yeni mərhələdə siyasi sistemimizin və milli düşüncə platformamızın qarşısında duran əsas problematikadır və Azərbaycan Prezidentinin bu çağırışını biz gündəlik tezisə çevirib, dərhal onun həyata keçirilməsi ilə bağlı fəaliyyətə başlamalıyıq. Bu nədir?
Bu gün ideologiya sadəcə elmi və siyasi ədəbiyyatda təqdim olunan, konkret məqsədlərə yönələn bir hadisə deyil. Müxtəlif informasiya platformalarında ideoloji təxribatlarla qarşılaşa bilərik. Bu təxribatlar siyasi-ideoloji və tarixi-ideoloji istiqamətlərdə, eləcə də milli identiklik və milli dəyərlər kontekstində özünü göstərə bilər. Yəni ideoloji təxribatın ən müxtəlif komponentlərinə rast gəlmək mümkündür.
Məsələ bundadır ki, bu cür hallara qarşı mübarizəmiz bəzən yalnız siyasi maarifləndirmə vasitələri ilə aparılır. Lakin bu fəaliyyətin nə dərəcədə effektiv və səmərəli olduğunu sonradan qiymətləndirə bilmirik. Çünki eyni auditoriya ilə təkrar işləmək, ideoloji sistemin mahiyyətinin və qarşımızda duran ideoloji məsələlərin milli mənafelər baxımından nə dərəcədə dərk edildiyini müəyyənləşdirmək imkanımız olmur. Axı bu, təhsil prosesi deyil ki, burada konkret qiymətləndirmə aparaq. Maarifləndirmənin fərqi də məhz bundadır”.
H. Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, adətən standart və şablon tədbirlər keçirilir:
“Görünür, bu yanaşmanı da dəyişmək lazımdır. Hansı formanın seçilməli olduğu məsələsinə gəlincə, hesab edirəm ki, bu prosesdə yeni, proaktiv metodlar tətbiq edilməlidir.
Burada əsas məsələ ondan ibarətdir ki, bizə qarşı yönələn ideoloji təxribatları müəyyən edib onlara cavab vermək formatından çıxmalıyıq. Bunun əvəzinə, öz ideoloji gündəmimizi formalaşdıraraq mümkün təxribatların qarşısını almağa yönələn fəaliyyətə keçməliyik. Proaktiv tədbirlər dedikdə məhz bunu nəzərdə tuturam. Düşünürəm ki, bundan sonra bu istiqamətdə fəaliyyətimizi yenidən təşkil edərkən öz ideoloji gündəmimizə sahib olmalı və onu özümüz müəyyənləşdirməliyik. Çünki ideoloji gündəmimizi dəyişdirmək istəyən qüvvələrə qarşı yalnız sonradan addım atdıqda artıq bir addım geridə qalmış oluruq. Buna görə də yeni metodlar tətbiq etməli, klassik və standart yanaşmalardan kənara çıxmalıyıq”.