Gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri olan gənc nəslin vətənpərvər ruhda tərbiyəsi Sabirabad Gənclər evinin daim diqqət mərkəzində olan məsələdir. Bu məqsədlə Gənclər evində daimi olaraq vətənpərvərlik istiqamətində tədbirlər təşkil edilir. Tədbirlər çərçivəsində müharibə iştirakçıları, şəhid ailələri və qazilərlə görüşlər keçirilir. Eyni zamanda əməkdaşlar, üzv və könüllülər tərəfindən şəhid ailələri və şəhid məzarları ziyarət edilir.
Belə tədbirlərdən biri də "Böyük Qayıdışın Qəhrəmanları" layihəsi çərçivəsində şəhid valideynlərinin iştirakı ilə keçirilən görüş olub.
“Sherg.az” xəbər verir ki, görüşdə Sabirabad rayonunun şəhidi Mayılov Bəxtiyarın atası İxtiyar Mayılov, Qax rayonunun şəhidi Bünyadlı Rəvanın atası Asif Bünyadlı və Zaqatala rayonunun şəhidi Süleymanlı Rəsulun atası Kamil Süleymanlı iştirak edib.
Tədbir ilk öncə şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükütla yad edilməsi ilə başlanıb.
Sabirabad Gənclər evinin direktoru Rəşad Qurbanov bu cür tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi rol oynadığını qeyd edib.
Daha sonra şəhid valideynləri tədbir iştirakçıları ilə övladlarının həyatı və keçdikləri döyüş yolu haqqında öz xatirələrini bölüşüblər.
Tədbir zamanı Sabirabad rayon M.Ə.Sabir adına məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Tədbirin yekununda şəhid valideynlərinə müəssisənin xüsusi təşəkkürnamələri təqdim olunub və dəvəti qəbul edib iştirak etdiklərinə görə xüsusi minnətdarlıq bildirilib.