Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan hakimiyyətini Türkiyə ilə münasibətlərin normallaşdırılmasında yol xəritəsi hazırlamaq üçün mövcud reallıqlara diqqət yetirməyə çağırıb. Ərdoğan İraqdan qayıdarkən onu müşayiət edən jurnalistlərə bildirib ki, hazırda regionda yeni nizam qurulur. Onun sözlərinə görə, əsassız xatirələri atmağın vaxtıdır, indiki zamanın reallıqlarına əsaslanaraq hərəkət etmək daha yaxşıdır: "Ermənistanın Baş naziri Nikol Paşinyan da bunu başa düşür. İndi real əsasda yeni yol xəritələri yaratmağın vaxtıdır. Ümid edirəm ki, Ermənistan diasporun onu sürüklədiyi qaranlıqdan xilas olacaq və parlaq gələcək üçün yeni başlanğıclar yolunu seçəcək".
Azərbaycan Demokratik Partiyasının sədr müavini Həsrət Rüstəmov "Sherg.az"a deyib ki, artıq Ermənistan vətəndaşlarının kifayət qədər böyük bir hissəsi və hazırkı hökumət başa düşür ki, yalançı soyqırım və qonşulara əsassız ərazi iddiaları onların normal dövlət kimi formalaşmasına heç zaman imkan verməz. Analitik vurğulayıb ki, Türkiyə əleyhdarlarının və ya Qafqazda daimi münaqişə istəyənlərin Ermənistana heç bir real faydası olmayıb və ola da bilməz:
"Nikol Paşinyan yaxşı başa düşür ki, bu coğrafiyada Türkiyə və Azərbaycanla düşmənçiliyi davam etdirmək ilk növbədə ermənilərin ziyanınadır. Məhz ona görə də Qazax istiqamətində yerli ermənilərlə görüşəndə onlara açıq mətnlə bu haqda fikirlərini söylədi. Ərdoğanın ermənilərə indi ünvanlanan müraciəti də həm vaxt, həm də regiondakı siyasi hadisələr baxımından yerinə düşür. Ümid edirəm ki, Ermənistan bu müraciətdən və Bakının sülh təkliflərindən doğru və zamanında yararlanacaq. Nəhayət ki, regionda yad qüvvələrin maşası olmaqdan imtina edəcək".