Emre Diner: Üç liderin fotoşəkli dünyaya “birlik, uzlaşma və həmrəylik belə olur” mesajıdır

Qlobal güc mərkəzlərinin yenidən formalaşdığı, regional münaqişələrin dərinləşdiyi və diplomatik kanalların daim sınağa çəkildiyi bir dövrdə beynəlxalq forumların əhəmiyyəti daha da artır. Bu kontekstdə keçirilən Antalya Diplomatiya Forumu həm də dəyişən dünya nizamında dialoqun və əməkdaşlığın simvolu kimi çıxış edir. Müxtəlif qitələrdən liderləri və ekspertləri bir araya gətirən bu platforma, müasir diplomatiyanın istiqamətini və regional güclərin artan rolunu daha aydın şəkildə ortaya qoyur.

Xarici siyasət üzrə mütəxəssis, jurnalist Emre Diner mövzu ilə bağlı Sherg.az-a bildirib ki. Antalyada 5-ci dəfə keçirilən Diplomatiya Forumunun zamanlaması onun əhəmiyyətini daha da artırıb:

"Antalyanın geosiyasi mövqeyinin verdiyi tarixi üstünlük, Türkiyənin çoxşaxəli xarici siyasət anlayışı ilə birləşdikdə, bu forumu klassik diplomatiya ənənələri ilə müasir böhran idarəetmə yanaşmalarının kəsişmə nöqtəsinə yerləşdirir. Bir tərəfdən Yaxın Şərqdə ABŞ, İsrail və İraq müharibəsi, digər tərəfdən isə Rusiya-Ukrayna müharibəsi və Avropanın təhlükəsizlik narahatlıqları davam edir. Qlobal miqyasda yaşadığımız bu dövrdə Türkiyə artıq beynəlxalq aktiv şəkildə çıxış edir və bir çox böhranın həllində açar rol oynayır. Türkiyə təkcə “Şərqlə Qərb arasında körpü” deyil, eyni zamanda bu iki dünya arasında yeni ideya axınlarını, razılaşma kanallarını və həll perspektivlərini formalaşdıran aktor mövqeyindədir. Bundan əlavə, qeyd etmək lazımdır ki, qlobal miqyasda böhranların getdikcə daha qeyri-müəyyən hala gəldiyi bir dövrdə diplomatiyaya verilən məna da dəyişir. Əvvəllər qapalı qapılar arxasında aparılan diplomatik təmaslar indi daha şəffaf, daha inklüziv və daha çox aktorlu formata çevrilir. Məhz bu nöqtədə Antalya Diplomatiya Forumu bu transformasiyanın platforması olmağı hədəfləyir. Forum Türkiyəni bu dəyişimin öncüllərindən biri kimi təqdim edir".

Analitik son 6 ildə Türkiyənin bir çox münaqişədə tərəflər arasında etibarlı əlaqə qura bilən çox az saylı ölkələrdən biri olduğunu qeyd edib:

"Türkiyənin bu kritik rolu Ankaranı prosesləri proaktiv şəkildə formalaşdıran mövqeyə gətirib çıxarıb. Buna görə də geosiyasi qeyri-müəyyənliyin artdığı, beynəlxalq hüquqdan uzaqlaşmanın və “meşə qanunlarının” dünyanın mərkəzinə yerləşməyə başladığı bu çətin dövrdə diplomatiyanın ürəyi Antalyada döyünür. Kritik forum Türkiyənin özünəməxsus strateji təcrübəsindən güc alır. Hətta anlaşılmazlıqların ortasında belə dialoqu yaşada bilən bir format təqdim etməsi ilə digər platformalardan fərqlənir. Bundan əlavə, Antalya Diplomatiya Forumu Avropa, Asiya, Latın Amerikası və Afrikadan iştirakçıları bir araya gətirdi. Forum Rusiya-Ukrayna müharibəsi və İran müharibəsi ilə paralel şəkildə davam edən ABŞ-Çin rəqabətinin kölgəsində qalan qlobal siyasətə fərqli bir səs qazandırdı. Əslində Antalya diplomatiyası bütün dünyaya bir töhfədir. Şəraitə və maraqlara görə mövqe dəyişən ölkələrin diplomatiyasına qarşı, burada bir daha diplomatiyanın sivilizasiya elementi olduğu xatırladıldı". 

Ekspert Prezident Rəcəb Tayyib Ərdoğanın “sülhün açarı Türkiyədir” ifadəsinə də toxunub: 

"Bu fikir qonşu və strateji tərəfdaş ölkələrin suverenliklərinə və ərazi bütövlüyünə hörmət edən nizamın qurulması mesajını verir. Dünya sülhünün təmin olunması üçün Türkiyənin Rusiya-Ukrayna müharibəsində həyata keçirilən “Taxıl dəhlizi” anlaşması buna ən yaxın və güclü nümunədir. Prezident Ərdoğan daha ədalətli dünya nizamından danışarkən, həm Avropa İttifaqının, həm də Birləşmiş Millətlər Təşkilatının müəyyən təsir qruplarının təzyiqi altında qalmadan, ədalət və ictimai sülhü təmin etməsi gərəkdiyini vurğulayır.Nəticə olaraq, Prezident Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan Baş naziri Şahbaz Şərifin birlikdə çəkilmiş həmin fotoşəkli çox açıq mesaj verir. Bu, əslində “qələbə pozasıdır”".

Müsahimiz qəlbləri bir döyünən üç qardaş ölkə- Türkiyə, Azərbaycan və Pakistanın bir daha dünyaya səmimi və güclü şəkildə birlik göstərdiyini söyləyib:

"Üç liderin həmin kritik fotoşəkli dünyaya “birlik, uzlaşma və həmrəylik belə olur” mesajının vizual ifadəsidir".