Qazaxın o kəndləri də minalanıb, EHTİYATLI OLUN!

“Ermənilər Azərbaycan əhalisinin öz doğma yurd-yuvalarına daha gec qayıtmasını istəyirlər"

Qazaxda minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, bu gün saat 10:10 radələrində 2004-cü il təvəllüdlü şəxs Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib: 
"Gətirilən zaman vəziyyəti-ağır, huşu aydın, sol ayağının pəncəsinin travmatik amputasiyası, yara yerinin arterial qanaxması, yara yeri çirkli olub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir".

Hərbi ekspert Ədalət Verdiyev  “Sherg.az”a bildirib ki, Ermənistanın məqsədi minalardan daha çox Azərbaycan hərbçisinin və ya vətəndaşının xəsarət almasıdır:

“Ermənilər Azərbaycan əhalisinin öz doğma yurd-yuvalarına daha gec qayıtmasını istəyirlər. Əsas məqsəd bu prosesi ləngitmək və daha çox vətəndaşlarımıza xəsarət yetirməkdir. Ermənilərdən bu istiqamətdə müsbət addım gözləməyə dəyməz. Yenə də biz təhlükəsizlik qaydalarına daha ciddi riayət etməliyik. Minalardan təmizlənməmiş ərazilərə girməkdən çəkinməliyik”.