Azərbaycanda ali təhsil müəssisələrində fərqli semestr imtahanlarından istifadə edilir. Bəziləri imtahanları test, digərləri isə yazılı formatda keçirir.
Bəs əslində necə olmalıdır? Niyə bütün təhsil müəssisələrində eyni sistemdən istifadə edilmir?
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanda, belə demək mümkündürsə, universitetlərin müəyyən qədər muxtariyyəti var:
"Onların imtahan qaydaları haqqında əsasnamələri olur və bu sənədə müvafiq olaraq qaydalar tətbiq edilir. Həmin əsasnamədə imtahanlara hazırlıq mərhələsini, imtahan prosesi, apelyasiya qaydaları, habelə imtahanların keçirilməsinə məsul şəxslərin səlahiyyətləri və vəzifələri kimi məsələlər yer alır. Göründüyü kimi, ölkəmizdəki universitetlərin imtahanlarının keçirilməsində vahid qayda yoxdur. Universitet tələbələrin semestr imtahanını yazılı, şifahi və test formasında, hətta fənnin xüsusiyyətindən asılı olaraq şifahi və ya qismən şifahi (bir hissəsi şifahi, bir hissəsi yazılı) keçirə bilər. Ölkəmizin əksər universitetlərində imtahanlar yazılı formafa həyata keçirilir".
Ekspertin sözlərinə görə, Azərbaycan universitetlərinin semestr imtahanı əzbərçiliyə, müvəqqəti yaddaşa əsaslanır:
"Bu da 2005-ci ildən etibarən keçid etdiyimiz Baloniya sisteminə ziddir. Bu sistemə görə ali təhsil müəssisələrində semestr qiymətləndirməsi tamamilə fərqli ölçmə və yoxlama alətləri ilə həyata keçirilməlidir. Hazırkı sistem yorucudur, biliyi tam aşılaya bilmir. Bu da nəticə etibarilə universitetlərimizin dünya reytinqində yer tutmamasına, əmək bazarına və müasir standartlara cavab verən kadr hazırlığını həyata keçirə bilməməsinə başlıca yol açır".
Şəmsiyyə Cəfərquluzadə