Azərbaycan uzun illər dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında açar rolunu oynacaq -ANALİZ

İyunun 2-dı Bakı Enerji Həftəsi işə başlayıb. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumudur. “Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil edilib.Rəsmi məlumata əsasən, Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək müzakirələrdə 37 ölkədən 300-dək şirkət iştirak edir. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Bu ilki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın “yaşıl enerji” sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40  faizi tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.Tədbirdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda ilk neft-qaz sərgisi 1994-cü ildə keçirilib: “O vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayıb”. Həmin vaxtdan bəri bu tədbirin miqyasının genişləndiyini və artıq Bakı Enerji Həftəsi adlandırıldığını vurğulayan dövlət başçısı bildirib: “Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir - neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji”. Dövlət başçısı Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan danışaraq, bu baxımdan, “Şahdəniz” layihəsinin qaza olan qıtlığı aradan qaldırdığını deyib: “Bu il bizim ixracımız 24 milyard kubmetrdən artıq olacaq. Bu gün 8 ölkə Azərbaycan qazını idxal edir. Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut edib. Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır. Yəni bu gün qazımızı idxal edən 8 ölkə Avropa ölkəsidir. Təchizatımızın coğrafiyası bundan sonra genişlənəcək. Biz bir sıra ölkələrlə fəal danışıqlar mərhələsindəyik. Onların da Azərbaycan qazına ehtiyacı var. Biz onların enerji təhlükəsizliyini təmin edəcəyik”. İ.Əliyev Azərbaycanın etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb: “Bizim vədlərimiz, sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanan bütün müqavilələr həyata keçirilib, onlar parlament səviyyəsində ratifikasiya edilib və qanun şəklində imzalanıb.Yəni həmin müqavilələrin bir sözü, bir ifadəsi belə dəyişdirilməyib. Məhz bunun səbəbidir ki, biz yaşıl enerji, bərpaolunan enerji baxımından da eyni marağı görürük”. Prezidentin sözlərinə görə,  2027-ci ilin sonunda Azərbaycanda 2 qiqavat bərpaolunan enerji əldə olunacaq: “Bu, olduqca real rəqəmdir və hələ ki başlanğıcdır”. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsində su elektrik enerjisi baxımından nəhəng potensialın olduğunu vurğulayan dövlət başçısı bildirib: “2020-ci ilin noyabrında həmin əraziləri azad edəndən sonra biz artıq 270 meqavat gücündə su elektrik stansiyaları istismara vermişik. Üç-beş il ərzində biz bu rəqəmi 500 meqavata çatdıracağıq. Yəni, 1 qiqavat bərpaolunan enerji bizə 500 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək, beynəlxalq bazarların buna ehtiyacı var və olacaq”. Bakı Enerji Həftəsinin açılış mərasiminə məktub göndərən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirin  ölkələr arasında əməkdaşlığın genişlənməsinə töhfə verməsini arzulayıb. Azərbaycanda həyata keçirilən enerji layihələrinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayan Türkiyə Prezidenti qeyd edib ki, Türkmənistan qazının ixracı artıq zaman məsələsidir və bu, Türkiyə və Azərbaycanın ortaq uğur olacaq: “Bakı-Tiflis-Qars dəmir yolu Orta dəhliz üçün strateji önəmə malikdir. Enerji mənbələrin şaxələndirilməsi üçün Azərbaycanla birgə çalışırıq, Naxçıvana qaz kəmərinin çəkilişini yaxın zamanda tamamlayacağıq. Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması istiqamətində addımları alqışlayır və imzalanması gözlənilən sülh sazişini tarixi fürsət sayırıq”. Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiyası üzrə direktoru Kristina Lobillo Borrero Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin “Caspian Power” açılış mərasimində bildirib ki, Avropa energetika sahəsində Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir. O,  Avropa İttifaqının Azərbaycanla bu sahədə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu vurğulayıb: “Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və energetika üzrə komissar Kadri Simpson enerji sahəsində strateji əməkdaşlığımıza böyük əhəmiyyət verir. Azərbaycanın Cənub Qaz Dəhlizi ilə Avropaya ixrac olunan qazı 2021-ci ildə 40 faiz artıb, bu, bizə enerji böhranının pis nəticələrindən yayınmağa kömək edib. Bizim əməkdaşlığımız həm də enerji sahəsində keçidin gücləndirilməsinə yönəlib. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl dəhliz təşəbbüsünü qeyd etmək istəyirəm. Digər ölkələr də bu təşəbbüsdə iştirakda maraqlıdır. Avropa İttifaqının COP29-un qlobal uğur olması sayəsində dəstəyinə də tam əmin ola bilərsiniz”. Bakı Enerji Həftəsi çərçivəsində Prezident İ.Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar.

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev “Sherg.az”a bildirib ki, 1994-cü il "əsrin müqaviləsi" imzalandıqdan sonra, hər il Azərbaycanda mühüm tədbirlər keçirilir:
"Bu tədbirlər ölkənin enerji resurlarının dünya bazarlarına çıxarılması üçün yeni platformaların formalaşmasına və Xəzər regionunun digər ölkələrlə əməkdaşlığa şərait yaradır. Təbii ki, Xəzər regionunun enerji potensialı heç də Fars körfəzinin Yaxın Şərqindəkindən geri qalmır. Tədbirin Azərbaycanda keçirilməsi dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə və yeni əməkdaşlıq platformalarının formalaşmasına cavab verir. Azərbaycan yeni enerji keçidi ilə bağlı iki təşəbbüsün iştirakçısıdır. Birincisi, yaşıl enerji dəhlizi ilə bağlıdır. Hər iki təşəbbüs beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilir. Əvvəl baş tutan beynəlxalq enerji həftəsində ənənəvi enerji mənbələri ilə bağlı fikir mübadiləri aparılırdı. Eyni zamanda Azərbaycan yeni enerji keçidi ilə əlaqədar bir neçə ərazini "yaşıl zona" elan edib. Bura Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan daxildir. Həmçinin, qəbul edilən konsepsiya ətrafında maddi tərəfdaş şirkətlərlə hər bir iqtisadi rayonun yaşıl enerji potensialı müəyyən edilir. Bu istiqamətdə yeni enerji risklərinin yaranmasında tərəfdaş xarici şirkətlərlə əməkdaşlıq qurulur. Müstəqillik əldə etdikdən sonra Azərbaycan şərq-qərb enerji siyasətinin apardığı əsas oyunçularından birinə çevrildi. Əsrin müqaviləsi bağlandıqdan sonra biz dünyanın enerji xəritəsinin yenidən cızılmasına səbəb olan böyük layihənin müəllifiyik. Bakı-Tbilisi-Ceyhan kəmərinin imkanlarında ölkəmizin yataqlarından hasil olunan neft ixrac edilmir. Eyni zamanda Xəzər regionundakı əməkdaşlıq platformalarının ixrac risklərindən istifadə edir. Bu 2023-cü ildə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra daha intensiv hal alıb. Digər tərəfdən Qazaxıstan və Türkmənistan da Azərbaycanın enerji potensialından istifadə edir '' 

Ekspert vurğulayıb ki, dünyanın neft-qaz sənayesi tarixində ikinci böyük layihəmiz cənub qaz dəhlizi layihəsidir :
"Bu Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan layihədir. Bu layihənin genişləndirilməsi önəmlidir. Cənub qaz dəhlizinin Avropa ayağı olan magistral qaz kəmərinin ixrac düzümü 10 milyard kubmetrdən 20 milyard kubmetrədək satılması fikri var. Əlavə olaraq, hazırda Türkmənistan qazının Avropa və Türkiyə bazarlarına çıxarılması gündəmdədir. Burada da dövlətimiz ixrac güclərindən istifadə edir. Eyni zamanda enerji siyasətimizdə dəyişiklər var. Uzun illər Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında açar rolunu oynacaq".