"Baş nazir konstitusiyanı dəyişməsə, vaxt onun əleyhinə işləyəcək. Ermənistan həm Rusiyanın, həm də Fransa və Amerika Birləşmiş Ştatlarının təsiri altındadır"
Azərbaycanla Ermənistan arasında sülh sazişinin yaxın göründüyü hər kəsə bəllidir. Amma sülhün real olaraq imzalanması üçün Ermənistan konstitusiyası mütləq dəyişməlidir. Bunun fonunda son zamanlar müxtəlif fikirlər səsləndirilir. Amma indiyə qədər Ermənistan tərəfindən heç bir addım atılmayıb.
Bu gün isə Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib.
Bu barədə baş nazirin ölkənin Konstitusiya Günü münasibətilə müraciətində deyilir.
“Hazırkı konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır. Məlum şəraitə görə, bu gün Ermənistan vətəndaşları mövcud konstitusiyaya hakim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlar”, - baş nazir bildirib.
Baş nazir qeyd edib ki, əsas problem təkcə konstitusiyada yazılanlarda deyil, həm də onun necə qəbul edildiyindədir. Onun sözlərinə görə, Ermənistana xalqın özününkü hesab edəcəyi, dövlət və onunla münasibətlər haqqında fikirlərini əks etdirən yeni konstitusiya lazımdır: “Bizə xalqla - onun yaradıcısı ilə ayrılmaz şəkildə bağlı olacaq yeni konstitusiya lazımdır”.
N.Paşinyan, həmçinin qeyd edib ki, yeni konstitusiya məsələsi tez-tez spekulyasiya predmetinə çevrilir. Buna baxmayaraq, baş nazir vurğulayıb ki, ölkədə institusional, psixoloji və fiziki sabitliyin möhkəmləndirilməsi istiqamətində işi davam etdirmək lazımdır.
Baş nazir “real Ermənistan” xalqının maraqlarını diqqət mərkəzində saxlamağa çağırıb. O bildirib ki, məhz həmin xalq beynəlxalq birlik çərçivəsində tanınmış ərazidə azadlığı, firavanlığı və təhlükəsizliyi təmin etmək üçün Ermənistan Respublikasını yaradıb.
Paşinyanın fikirlərini “Sherg.az”a şərh edən “Report” İA-nin əməkdaşı, siyasi şərhçi Kənan Novruzov qeyd edib ki, ümumiyyətlə, Ermənistan konstitusiyasının dəyişdirilməsi çox müzakirə olunan məsələdir:
“Sülh sazişinin imzalanması üçün konstitusiyanın dəyişdirilməsi rəsmi Bakının əsas tələbidir. Çünki Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur. Əgər həmin konstitusiyası dəyişdirilmədən sülh imzalanarsa, Ermənistan qanunvericiliyinində ərazi iddiaları köklü şəkildə qalacaq. Bu isə gələcək nəsillər üçün növbəti müharibənin başlamasına zəmin yaradacaq faktordur. Ona görə də biz haqlı olaraq tələb edirik ki, Ermənistan konstitusiyası dəyişdirilsin. Amma konstitusiyanın dəyişdirilməsi asan məsələ deyil və daxildə ciddi narazılığa səbəb ola bilər. Eyni zamanda, prosesin baş tutması müxalifətin əlində sübut deməkdir. Hərçənd ki, Nikol Paşinyanın bundan başqa yolu da yoxdur. Paşinyan hakimiyyəti bu gün xilas olmaq üçün “yanan binadan tullanmalıdır”. Paşinyan konstitusiyanı dəyişməsə, vaxt onun əleyhinə işləyəcək. Ermənistan həm Rusiyanın, həm də Fransa və Amerika Birləşmiş Ştatlarının təsiri altındadır. Belə bir şəraitdə isə Ermənistana yeni təhlükəsizlik çətiri lazımdır. Buna görə də Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaq ən optimal haldır. Çünki həmin münasibətlər yaxşılaşsa, regional əməkdaşlıq mühütü təmin olunacaq və prespektivdə Ermənistanın iqtisadi cəhətdən dirçəlməsinə səbəb olacaq. Belə iqtisadi inkişaf da Ermənistanı siyasi sahədə kənar təsirlərdən xilas edəcək. Bütün bunları Ermənistan hakimiyyəti başa düşür, sadəcə siyasi iradə göstərmir. Ermənistan sözdə sülh istədiyini desə də, əməli addımlar atmır. Bu gün zaman Ermənistan əleyhinə işləyir. Azərbaycan öz ərazi bütövlüyün təmin edib və beynəlxalq geosiyası sistemin əsas aktorlarındandır”.