Tuncay Eyvazlı hədəfə vurdu
Onların səsinin, sədasının beynəlxalq aləmdə eşidilməsi bunun bariz nümunəsidir
Gənclər tarix boyu Azərbaycan xalqının əsas aparıcı hissəsini təşkil edərək milli kimliyimizin formalaşmasında, milli-mənəvi dəyərlərimizin və adət-ənənələrimizin qorunub saxlanılmasında aparıcı rol oynayıb. İşğalçılara qarşı aparılan azadlıq mübarizələrində də Azərbaycan gəncləri ön sırada yer alıblar. Həmçinin sağlam düşüncəli, milli ruhlu, vətənpərvər, soy-kökünə bağlı və dövlətinə sadiq olublar. Müasir Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyev ölkəmizin inkişaf strategiyasını müəyyənləşdirərkən gənclərə xüsusi önəm verib. Vətənimizin tərəqqisində, dövlətimizin gələcək inkişafında onların rolunu yüksək dəyərləndirib. Ümumiyyətlə, Ulu Öndərin istər sovetlər dövründə, istərsə də müstəqillik vaxtı Azərbaycana rəhbərlik edərkən onun fəaliyyətində gənclər siyasəti prioritet olub. Gənclərin sağlam şəraitdə böyüməsi, yaxşı təhsil alması, müasir elmlərə yiyələnməsi, dövlət vəzifələrində irəli çəkilməsi üçün əhəmiyyətli işlər görüb. O, qurub-yaratdığı müasir Azərbaycanı gənclər ölkəsi adlandırırdı və Azərbaycanın gələcək inkişafında gənclərə böyük ümidlər bağlayırdı. Həqiqətən də, Azərbaycan gəncliyi ona olan ümidləri layiqincə doğrultdu. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmiz tarixinin ən parlaq dövrünü yaşayır, dönməz inkişaf yolu tutaraq sabaha inamla irəliləyir. Dövlətimiz gənclərin hərtərəfli inkişafı, potensialının üzə çıxarılması və qiymətləndirilməsi, ictimai-siyasi həyatda rolunun artırılması, cəmiyyətdə əsas aparıcı qüvvəyə çevrilməsi üçün bütün zəruri şəraitləri yaradıb. Gənclərdə öz gücünə, istedadına inam hissi artıb. Bütün sahələrdə, o cümlədən idman, təhsil və digər sahələrdə gənclərin uğurları bir-birini əvəzləyir. Ölkəmizin parlaq gələcəyinin təminatçısı olan gənclər bu gün müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənimizin inkişafı üçün səylə çalışırlar. Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhuna malikdirlər. İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçiləndə qarşıda duran məsələlərin həll ediləcəyini vəd etmişdi. Bu dövrdə Azərbaycan sürətli və dinamik inkişaf yolu keçdi, tarixi nailiyyətlər əldə etdi. Həm xarici siyasət, həm də ordu quruculuğunda böyük işlər görüldü. Eyni zamanda dövlətimizin başçısı İlham Əliyevin söylədiyi kimi, Azərbaycanda bu müddətdə Vətən uğrunda ölümə gedən gənc nəsil yetişdi. Savadı, yaradıcılığı, işgüzarlığı ilə ad çıxaran müasir Azərbaycan gəncliyi həm də dövlətə sədaqəti, Vətənə olan dərin məhəbbəti ilə fərqlənir. Gənclər Vətən müharibəsində bir daha sübut etdilər ki, Vətəni canlarından artıq sevirlər və bu yolda şəhadəti özləri üçün şərəf hesab edirlər. Gənclərimiz, həqiqətən də, rəşadəti, qəhrəmanlığı ilə bütün dünya ictimaiyyətini özlərinə heyran qoydular. Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində çıxışında ideoloji bütövlük və tamlıq, cəmiyyətimizin xaricdən gələn ideoloji təzyiqlərə davamlılığının artırılmasını, bunun aparıcı komponenti kimi gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsini, gənclərin formalaşmasında ailə, məktəb tərbiyəsinin əhəmiyyətini qeyd etmişdi. Bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır deyən dövlət başçısı əslində, Azərbaycan xalqının həm ailədə, həm təhsil ocaqlarında, həm də vətəndaş cəmiyyəti olaraq ideoloji bütövlüyünün və həmrəyliyinin qorumasının vacibliyini vurğulamışdı. Biz milli vətənpərvərlik ruhunda gənclər yetişdirməliyik. Bizi güclü edən səbəblərdən biri də ailəyə, Vətənə, torpağa və dövlətə bağlılıq kimi mənəvi dəyərlərdir. Müəyyən qüvvələrdə bunu bildiyi üçün bizimlə ideoloji müharibə aparır. Ona görə də xalq olaraq çox diqqətli olmalıyıq. Prezidentin "Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun" deməsi, əslində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gənclərin bu dəyərlər əsasında böyüməsinin zəruriliyinə işarədir. Bu, çox önəmlidir. Bu gün Azərbaycan millətinə, dövlətinə bağlı gənclər formalaşıb. Azərbaycan gənci dünya elminə yiyələnməli, mənimsəməli və onu ölkəsində tətbiq etməlidir. Dövlətin verdiyi dəstək göstərir ki, gənclər Azərbaycan dövlətini təmsil etməyə hazırdır və artıq təmsil edirlər. Gənclərimiz öz şəxsi iradəsi ilə, heç bir maddi maraq olmadan, ölkəmizin rifahının yüksəlməsinə töhfəsini vermək məqsədilə könüllülük fəaliyyəti ilə də məşğuldur. Azərbaycan gəncliyinin vətənpərvərlik ruhu, eləcə də vətəndaşlıq mövqeyi möhkəmlənib və günü-gündən güclənməkdədir. Azərbaycanın vətənpərvər gəncliyi dünyada baş verən yeniliklərə, elmi-texniki tərəqqiyə, mütərəqqi dəyişikliklərə hazırlıqlı, daima öyrəndiklərini tətbiq etməklə, öz intellektual bilik və bacarıqlarını inkişaf etdirməyə meyilli olmaqla yanaşı, diplomatiya, iqtisadiyyat, mədəniyyət, incəsənət, idman və digər sahələrdə ölkəmizi layiqincə təmsil etməklə seçilirlər. Gənclərimiz bir-birinin ardınca uğurlara imza atır və onların səsinin, sədasının beynəlxalq aləmdə eşidilməsi bunun bariz nümunəsidir. Ötən gün yayılan bir xəbər də bunun bariz nümunəsidir. Azərbaycanlı tələbə 5 Avropa ölkəsinin mətbuatında Qarabağa dair çıxışlar edib. Avropanın aparıcı ölkələrinə aid media orqanlarında zəngin Qarabağ mədəniyyətinin müxtəlif aspektlərini əks etdirən təbliğat xarakterli yazılar dərc olunub. Məqalələrin müəllifi Budapeşt Biznes Universitetinin birinci kurs tələbəsi Tuncay Eyvazlıdır. Britaniya, Bolqarıstan, Çexiya, Gürcüstan və Avstriya mətbuatında Qarabağın dünyamiqyaslı arxeoloji abidələri, məşhur muzeyləri bəzəyən xalçaları, ləziz kulinariyası haqqında məqalələr yayımlanıb. Məqalələrdən biri UNESCO irsi sayılan muğamın Qarabağdakı tarixi, xanəndələri, Azərbaycan və ümumilikdə İslam dünyasının mədəniyyət paytaxtı sayılan müasir Şuşada keçirilən “Xarıbülbül” festivalı və digər məqamlara həsr edilib. Məqalələrdə, həmçinin Qarabağda uzun illər işğal altında qalan tarixi-memarlıq abidələri, talan edilən mədəniyyət müəssisələri barəsində də məlumat verilib. Məqalələrdə Azərbaycanın rəsmi qurumları – Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi məlumatlarına istinad olunub. Yazılar Britaniyanın “Thebestmagazine” saytında, Bolqarıstanın “Zemya” qəzetində, Çexiyanın populyar “Prague morning” saytında, “Avusturya günlügü” xəbər saytında və Gürcüstanın 3 dildə yayımlanan “Newsday” saytında dərc edilib. Qeyd edək ki, məqalələr Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin icra etdiyi “Qarabağın və Zəngəzurun zəngin mədəni irsinin beynəlxalq və yerli mediada təbliği” layihəsi çərçivəsində hazırlanıb. Həmçinin digər gəncimiz - Məmməd Həsənov dünyanın ən məşhur və ən reytinqli universiteti olan, Amerika Birləşmiş Ştatlarında yerləşən Harvard Universitetininin tərkibində fəaliyyət göstərən "Harvard Extension School"un Maliyyə ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirərək "Harold V.Lanqlua" mükafatına və pul mükafatına layiq görülüb. Qeyd edək ki, bu mükafat hər il universitetin maliyyə və idarəetmə ixtisasları üzrə 4.0 GPA əldə edərək müstəsna akademik nailiyyətlər əldə etmiş və perspektivli menecer kimi gələcək vəd edən məzunlarından yalnız birinə verilir. Məlumat üçün bildirək ki, 1997-ci il təvəllüdlü Məmməd Həsənov bakalavr təhsilini İngiltərədə "King`s College London"da alıb və buranı da ən fəal tələbə kimi fərqlənmə ilə bitirib. M.Həsənov Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində də xüsusi fəallıq göstərir.
"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı "Sherg.az"a açıqlamasında deyib ki, gənclərin milli ruhda, vətənpərvər yetişməsi çox mühüm məsələdir. Ekspertin sözlərinə görə, hərbi müstəvidə qazandığımız böyük qələbədən sonra qarşımızda duran ən vacib hədəflərdən Zəfərimizi diplomatik uğurlarla möhkəmləndirməkdir:
"Şübhəsiz, bu istiqamətdə dövlətin müvafiq strukturları - Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və səfirliklərimiz və digər əlaqədar qurumlarımız mühüm və ciddi addımlar atırlar. Amma düşmən dayanmır və onu himayə edən güclərlə birlikdə, bütün resurslarla Azərbaycana qarşı hücumlar təşkil edirlər. Azərbaycanın beynəlxalq imicini zədələməyə, haqlı işimizə kölgə salmağa, ölkəmizin beynəlxalq müstəvidəki uğurlarını əngəlləməyə çalışırlar. Biz mütəmadi olaraq xarici kütləvi informasiya vasitələrində Azərbaycanla bağlı yalan-böhtan məzmunlu xəbərlərə rast gəlirik. Əlbəttə, belə olan təqdirdə hər bir vətəndaşın, xüsusən gənclərin üzərinə böyük məsuliyyət düşür. Gənclərimiz yaşadıqları, oxuduqları, işlədikləri ölkələrdə ictimai-siyasi proseslərdə fəallıq göstərməli, geniş əlaqələr qurmalıdırlar. Çünki Azərbaycan həqiqətlərinin təbliği məqsədilə əlaqələrin genişləndirilməsi və fəallıq çox mühümdür. Nəzərə alaq ki, dövlət qurumları bütün ölkələrlə eyni dərəcədə, bərabər səviyyədə əməkdaşlıq qura bilməz. Bu, fiziki olaraq mümkün deyil. O baxımdan hər birimiz dövlətin çəkdiyi yol xəritəsinə, qarşıya qoyulan hədəflərə çatmaq üçün fədakarlıqla çalışmalıyıq. Ələlxüsus gənclərimiz xarici informasiya vasitələri ilə səmərəli əməkdaşlıq qurmalıdır, müxtəlif yazılarla çıxış etməlidirlər. Televiziya proqramlarına qatılmalı, mümkün olarsa, müxtəlif konfranslar, tədbirlər təşkil etməli, dövlətin ümumi işinə dəstək olmalıdırlar. Bu baxımdan fəal və vətənpərvər gənclərimizin fəaliyyəti təqdir olunmalıdır".